Nazir: 4 mindən çox Türkiyə şirkəti Azərbaycanda fəaliyyət göstərir | 1news.az | Xəbərlər
Siyasət

Nazir: 4 mindən çox Türkiyə şirkəti Azərbaycanda fəaliyyət göstərir

Qafar Ağayev14:44 - Bu gün
Nazir: 4 mindən çox Türkiyə şirkəti Azərbaycanda fəaliyyət göstərir

“Azərbaycan-Türkiyə arasında ticarət dövriyyəsi 2025-ci ildə 5,7 milyard ABŞ dolları təşkil edib”.

1news.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat üçün brifinqdə deyib.

O bildirib ki, 2026-cı ilin ilk səkkiz ayında iki ölkə arasında ticarət dövriyyəsi artıq 3,2 milyard ABŞ dollarını ötüb.

“Gələcək illər arasında siyasi məsləhətləşmələr mexanizminin, Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının və bir sıra digər formatların çox böyük önəmi var.

İki ölkə arasında iqtisadi sahədə mövcud vəziyyətə nəzər salsaq, 2025-ci il ticarət dövriyyəsinin 5,7 milyard ABŞ dolları həcmində olmasını, 2026-cı ilin ilk səkkiz ayında isə 3,2 milyard dollardan artıq bir həcmə çatmasını qeyd edə bilərik.

Eyni zamanda, Azərbaycandan Türkiyəyə qarşılıqlı investisiyaların həcmi 20 milyard ABŞ dollarından, Türkiyədən Azərbaycana birbaşa investisiyaların həcmi isə 18 milyard ABŞ dollarından artıqdır.

Azərbaycanda 4 mindən çox Türkiyə şirkətinin uğurla fəaliyyət göstərməsi, o cümlədən işğaldan azad edilmiş ərazilərdə Türkiyə şirkətləri tərəfindən fəaliyyətin həyata keçirilməsi bu sahədə münasibətlərin nə qədər intensiv və çoxşaxəli olmasının göstəricisidir”.

C.Bayramov qeyd edib ki, iqtisadi sahədə ənənəvi olaraq xüsusi strateji əhəmiyyətə malik istiqamətlərdən biri də enerji sahəsidir.

“Uzun müddət ərzində, onilliklər ərzində Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsinin icrası və istifadəsi, Cənub Qaz Dəhlizi nəinki Azərbaycan və Türkiyə, daha geniş coğrafiyanın enerji təhlükəsizliyinə iki ölkənin iştirakı ilə verilən çox böyük töhfədir.

Hesab edirik ki, hazırkı mərhələdə böyük perspektivə və potensiala malik, növbəti onilliklərə yönələn layihələr var və hazırda onların üzərində də iki ölkə arasında çox koordinasiyalı şəkildə işlər həyata keçirilir”.

Nazir alternativ enerji sahəsində həyata keçirilən layihələrə də diqqət çəkib.

“Bunların sırasında alternativ enerji sahəsində olan istiqamətləri qeyd etmək istərdim. Azərbaycanda istehsal olunan alternativ yaşıl enerjinin Qara dəniz üzərindən Avropaya çatdırılması və bu layihədə Türkiyənin iştirakı, Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu üzrə yeni enerji kabelinin çəkilməsi və bu istiqamətdə gedən işləri, eləcə də Naxçıvanı Türkiyə ilə birləşdirən yeni enerji kabeli layihəsini xüsusi qeyd etmək istərdim.

Bu layihələrin icrası yaşıl enerji sahəsində iki ölkənin iştirakı ilə nəinki Azərbaycan və Türkiyə ölkələri və bazarları, o cümlədən Avropa bazarı üçün Türkiyə üzərindən tranzit olaraq alternativ enerjinin çatdırılmasında böyük potensiala malik yeni istiqamətlər yaradır”.

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər