Cinayətkar dəstənin üzvləri Ermənistan prezidentinin təyyarəsini partlatmaq istədilər | 1news.az | Xəbərlər
Ermənistan

Cinayətkar dəstənin üzvləri Ermənistan prezidentinin təyyarəsini partlatmaq istədilər

14:36 - 23 / 12 / 2015
Cinayətkar dəstənin üzvləri Ermənistan prezidentinin təyyarəsini partlatmaq istədilər

Noyabr ayında Ermənistanın Milli Təhlükəsizlik Xidməti tərəfindən zərərsizləşdirilən cinayətkar qruplaşma respublikanın dövlət idarələrini ələ keçirmək və Serj Sarkisyanın təyyarəsini partlatmağı planlaşdırmışdırlar.

1news.az xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” qəzeti adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.

“Qrupun beş yarımqrupu olub və onlar eyni zamanda prezident iqamətgahını, hakimiyyəti, parlamenti, Konstitusiya məhkəməsini və televiziya qülləsini zəbt etməli idilər. Əsas əməliyyat isə Fransaya səfərə hazırlaşan (Ermənistan prezidenti Fransaya noyabrın 29-da səfər edib) Ermənistan prezidentinin təyyarəsinin partladılması idi”- deyə, məqalədə deyilir.

“Əməliyyat yaxşı planlaşdırılmışdı, amma qrupun rəhbəri Artur Vardanyan səhvə yol verib, lazım olmayan adamla görüşüb, bundan sonra xüsusi xidmətlərin nəzər nöqtəsinə düşüb”- məlumatlı mənbə nəşrə bildirib.

Qeyd edək ki, noyabrın 25-də Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları polis əməkdaşları ilə birgə İrəvan ətrafında evlərin birində silahlı cinayətkar dəstənin üzvlərini saxlayaraq zərərsizləşdiriblər.

Dekabrın 19-da Ermənistanın sabiq müdafiə naziri Vaan Şirxanyan saxlanılıb, istintaq onun Artur Vardanyanın təşkil etdiyi cinayət qrupunda iştirak etməsindən şübhələnir. Bununla yanaşı, cinayətkar qruplaşmanın 30 üzvü də həbs olunub.

1news.az

Paylaş:
1083

Son xəbərlər

Bütün xəbərlər