Səməd Seyidov: “İnsan haqları mövzusunun Azərbaycana təzyiq aləti kimi istifadə edilməsi yolverilməzdir”
“Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış İnsan Hüquqları üzrə Birgə İşçi Qrupundan öz nümayəndəsinin geri çağırması haqda qərarı son dərəcə anlaşılmazdır. Əvvəlcə Yaqland qrupdakı nümayəndəsini geri çağırır, sonra isə nümayəndəsini Azərbaycana göndərməyi bəyan edir”
1news.az-ın verdiyi xəbərə görə, bu haqda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun növbəti iclası zamanı bildirib.
O qeyd edib ki, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun yaranması cəmiyyətin tələbidir və bu qrup xaricində heç bir təzyiq qəbul edilmir:
“Azərbaycanda ictimai dialoq və demokratiya şəraitinin gücləndirilməsi məqsədilə zamanında biz İşçi Qrupunun qapılarını bütün strukturlar, eləcə də beynəlxalq qurumlar üçün açdıq. Sevindirici haldır ki, Azərbaycan ictimaiyyəti birliyə hazırdır, bu da İşçi Qrupunun işini daha əhəmiyyətli edir”, - S.Seyidov deyib.
O qeyd edib ki, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun fəaliyyəti davam edəcək:
“İnsan haqları mövzusunu dövlətə təzyiq aləti kimi istifadə etmək olmaz. İnsan haqları – yüksək dəyərdir”.
Əfv komissiyasının üzvü, deputat Azay Quliyev də AŞ-nın baş katibinin sözlərinə etirazını bildirib.
“Erməni lobbisi ilə sıx təmasda və nəzarət altında olan bəzi qüvvələr Azərbaycana təzyiq göstərmək istəyir. Bizim qrup beynəlxalq qurumların deyil, xalqın maraqlarına xidmət edir”, - A.Quliyev qeyd edib.
Çıxış edən digər deputat Çingiz Qənizadə də öz növbəsində İşçi Qrupun fəaliyyətini yüksək qiymətləndirib və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Prezident İlham Əliyev Əfv haqqında növbəti Fərman imzalayacağına ümid etdiyini bildirib.
Onun sözlərinə görə, Azərbaycan – güclü dövlətdir və xarici dairələrin istənilən müqavimətinə tab gətirə bilər.
1news.az