ASAN xidmət mərkəzlərinə “Azəriqaz”la bağlı 7367 müraciət daxil olub
Cari ilin may ayında Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı, eləcə də Bərdə, Sabirabad rayonlarındakı və Gəncə şəhərindəki ASAN xidmət mərkəzlərinə “Azəriqaz” İB ilə bağlı ümumilikdə 7367 müraciət daxil olub.
1news.az-ın məlumatına görə, əsasən, “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi, “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması, həmçinin qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsi barədə edilmiş müraciətlərin hamısı həllini tapıb.
“İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək”- deyə, “Azəriqaz”dan bildiriblər.
1news.az