SOCAR Rumıniyada daha bir yanacaqdoldurma məntəqəsini istifadəyə verib
SOCAR Rumıniyada investisiya layihələrini uğurla davam etdirərək yanacaqdoldurma şəbəkəsini ilbəil genişləndirir.
1news.az-ın şirkətə istinadən verdiyi xəbərə görə, iyunun 6-da Piteşti şəhərində “SOCAR” brendi ilə növbəti yanacaqdoldurma məntəqəsi istifadəyə verilib, bununla da Rumıniyada “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 34-ə çatıb.
Nano 95, Nano Dizel və Nano Super Dizel tipli yanacaq məhsulları satışının həyata keçiriləcəyi məntəqədə 4 avtonəqliyyat vasitəsi və 2 iri tutumlu yük maşınının eyni zamanda yanacaqla təmin edilməsinə imkan verən 3 sayğac quraşdırılıb.
Digər yanacaqdoldurma məntəqələrində olduğu kimi burada ənənəvi Azərbaycan məhsulları, sürücülərə lazım olan avtomobil aksessuarları, “Roviniete” də (yol vergisi) daxil olmaqla bir sıra ödənişlərinin edilməsi üçün xüsusi avadanlıqlar quraşdırılıb.
Qeyd edək ki, SOCAR Rumıniyanın artıq 17 regionunda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Bistritsa-Nasaud, Sibiu, Buxarest və Argeşdə yanacaqdoldurma məntəqələrinə malikdir.
1news.az