“Bakı sərnişin–Zabrat–Sumqayıt sərnişin” dəmir yolunun əsaslı təmiri davam edir
“Bakı sərnişin–Zabrat–Sumqayıt sərnişin” stansiyaları istiqamətində 29.2 kilometr uzunluğunda dəmir yolu təmir olunur.
1news.az-ın “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən verdiyi xəbərə görə, dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi sürətlə davam edir. Yanvarın 18-də dəmir yolunun “Nərimanov-Bakı sərnişin” mənzilində 1 kilometr uzunluğunda yolun qoyuluşuna başlanılıb.
Əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi həyata keçirir. İşlər mərhələ-mərhələ aparılır.
Xatırladaq ki, “Bakı sərnişin–Zabrat–Sumqayıt sərnişin” dəmir yolunun əsaslı təmirinə 2016-cı il noyabr ayının 8-də start verilib. Bu günə kimi 5,5 kilometr yol qoyulub, eləcə də 5 dəst yoldəyişdirici qurğu quraşdırılıb.
Qeyd edək ki, bu yolun qoyuluşu başa çatandan sonra Bakı və Bakı ətrafı qəsəbə və kəndlərin əhalisinin, dəmir yolundan istifadə etməklə nəqliyyat problemi qismən də olsa aradan qaldırılacaq. Bakı, 8-ci kilometr qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başına rahat və təhlükəsiz şəraitdə çatacaq.
1news.az