Imagine Avropa Tolerantlıq Festivalı başa çatıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Imagine Avropa Tolerantlıq Festivalı başa çatıb - FOTO

13:52 - 21 / 10 / 2017
Imagine Avropa Tolerantlıq Festivalı başa çatıb - FOTO

Bakıda ilk dəfə keçirilən Imagine Avropa Tolerantlıq Festivalı başa çatıb.

1news.az xəbər verir ki, bununla bağlı təşkil edilən mərasimdə xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas bildirib ki, bir həftə ərzində Bakı şəhəri tolerantlıq paytaxtı olduğunu bir daha sübut etdi. Azərbaycandakı tolerantlıq digər ölkələr üçün nümunədir və bu, çox böyük nailiyyətdir.

Diplomat festival günlərində təkcə Aİ deyil, bir sıra digər ölkələrin də rejisorlarının 34 filminin nümayiş etdirildiyini vurğulayıb. Onun sözlərinə görə, bir həftə ərzində festivalı üç mindən çox tamaşaçı ziyarət edib:

“IMAGINE - Avropa Tolerantlıq Festivalı üçüncü ölkədə Aİ tərəfindən dəstəklənən və keçirilən ilk festival idi. Bu festival Roma razılaşmasının imzalanmasının 60 illiyinə həsr edilib. Düşündük ki, festivalın keçirilməsi üçün ən yaxşı şəhər Bakıdır. Bu festivalın mahiyyəti tolerantlıq və müxtəliflikdir. Hər iki söz Bakıya aiddir. Biz uğur əldə etmək istəyirdik və düşünürəm ki, buna nail olduq. Festival çərçivəsində Aİ və Azərbaycandan olan yaradıcı insanlar arasında fikir mübadilələri, debatlar, görüşlər keçirildi. Biz hər addımda bu festivalda müxtəlif ölkələrdən olan insanların tolerantlıq şəraitində bir araya gəlmələrini təmin etdik”.

K.Yankauskas festivalın davamlı olacağını qeyd edib və vurğulayıb ki, gələn il Avropa Tolerantlıq Festivalı daha geniş şəkildə keçiriləcək.

 “DokuBaku” sənədli film festivalının nümayəndəsi Səbinə İmanova bildirib ki, “Reallığı sınayaraq” devizi altında təşkil olunan “DokuBaku” festivalı iki hissədən - əsas və yerli rejissorlar üçün nəzərdə tutulmuş müsabiqə proqramından ibarət idi. Əsas proqram çərçivəsində tamaşaçılara 18 sənədli film təqdim olunub, rejissor və prodüserlər üçün ustad dərsləri təşkil edilib.

Yerli rejissorlar üçün müsabiqə proqramında isə son iki ildə çəkilən 15 qısametrajlı sənədli film nümayiş etdirilib. Filmlər tanınmış yerli və xarici kino mütəxəssislərinin təmsil olunduğu münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Daha sonra Avropa Tolerantlıq Festivalının qaliblərinin adları açıqlanıb. Birinci yerə “Koridor” filminin rejissoru İqrar Qurnan, ikinci yerə “Əziz Monika” filminin müəllifi Oktay Namazov, üçüncü yerə isə “Humble room” filminin müəllifi Leyli Qafarova layiq görülüb.

Festivalın bağlanış mərasimində "Dərviş" rok qrupu və Venesuela musiqiçisi İqnasio Ornes çıxış edib.

Pərvanə Sultanova

 

Paylaş:
1160

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər