Fransa səfirliyi Narkoloji Dispanserdəki yanğınla bağlı başsağlığı verib
Fransanın Azərbaycandakı səfirliyi Narkoloji Dispanserdə baş verən yanğınla bağlı başsağlığı verib.
1news.az-a səfirlikdən daxil olan məlumatda deyilir: “Bu səhər Bakı şəhərində Narkoloji Dispanserdə 25 nəfərin həlak olması ilə nəticələnən güclü yanğın haqqında xəbər aldıq.
Fransanın Azərbaycandakı səfirliyi həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir”.
Qeyd edək ki, Respublika Baş Prokurorluğunun, Fövqəladə Hallar, Daxili İşlər və Səhiyyə nazirliklərinin birgə məlumatına əsasən, yanğın martın 2-də saat 06.10-da beş korpusdan ibarət Respublika Narkoloji Mərkəzinin bir korpusunda baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib.
Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub. Operativ surətdə həyata keçirilən tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Yanğın saat 08:30-da söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.
P.Sultanova