Azərbaycan seçkilərin demokratik keçirilməsi üçün siyasi iradə nümayiş etdirir

Aprelin 11-də Azərbaycan vətəndaşları prezident seçkilərində fəallıq göstərib, yeni dövr üçün Azərbaycana rəhbərlik edəcək layiqli şəxsi seçəcəklər.
Bu baxımdan prezident seçkiləri Azərbaycanın demokratik dəyərlərə sadiqliyini bir daha dünyaya nümayiş etdirəcək. Azərbaycan həmişə seçkilərin demokratik, dünya standartlarına uyğun keçirilməsi üçün siyasi iradə və əzm nümayiş etdirir.
1news.az-ın sechki-2018.az-a istinadla verdiyi xəbərə görə, bu sözləri Avropa Azərbaycanlıları Konqresinin (AAK) vitse-prezidenti, Danimarkada fəaliyyət göstərən Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi bildirib.
“Seçki-2018" Müstəqil Media Mərkəzinin yaradılması, beynəlxalq KİV-in sərbəst və asanlıqla məlumat əldə etmələri, seçki prosesi zamanı iştirakçılara daha keyfiyyətli və səmərəli xidmətin göstərilməsi seçki prosesinin demokratik şəraitdə həyata keçirilməsindən xəbər verir. Beynəlxalq təşkilatlar, xarici dövlətlərin təmsilçiləri də bunu yüksək qiymətləndirirlər”, - deyə AAK-ın vitse-prezidenti qeyd edib.
Səfər Sadiqi əminliyini bildirib ki, beynəlxalq müşahidəçilərin Azərbaycandakı seçki prosesi ilə bağlı yekun rəyləri də müsbət olacaq: “Seçkinin nəticələri Azərbaycanın dünyada sülhsevər, dinc, demokratik və sabit ölkə olduğunu bir daha nümayiş etdirəcək”.
S.Xankişiyeva