Mübariz Əhmədoğlu: Bako Saakyanı da azərbaycanlıların Dağlıq Qarabağa qayıtmasının tərəfdarına çevirdilər
Qondarma Dağlıq Qarabağın de-fakto prezidenti Bako Saakyan ABŞ-da olarkən mətbuata müsahibə Dağlıq Qarabağa azərbaycanlıların qayıtmasının mümkünlüyünü bildirdi.
Bir az öncə prezident S.Sərkisyan Münhendə azərbaycanlı diplomatın sualına cavab verərkən azərbaycanlıların Dağlıq Qarabağa və ətraf rayonlara qayıdacağını bildirmişdi. B.Saakyanın ətrafı da bir neçə dəfə azərbaycanlıların Dağlıq Qarabağa qayıtmasının mümkünlüyünü bildiriblər.
Bako Saakyan da şərt irəli sürdü: Azərbaycanlılar Dağlıq Qarabağın yurisdiksiyasını qəbul etməlidirlər. B.Saakyan ömrü boyu ilk dəfədir ki, azərbaycanlıların Dağlıq Qarabağa qayıtmasından publik şəkildə danışır. İmkanı olsaydı, indi də bu mövzunun adını tutmazdı. Nəzəri cəhətdən azərbaycanlılar Dağlıq Qarabağa qayıtdıqdan sonra hansı statusda olmasından asılı olmayaraq demoqrafik yolla, demokratik qaydada Dağlıq Qarabağın taleyini müəyyənləşdirəcək. Bu gün Dağlıq Qarabağ erməniləri ilə Dağlıq Qarabağ azərbaycanlıları sayı arasında fərq minimaldır. Yaxın 20-30 ildə Dağlıq Qarabağda azərbaycanlıların sayı təbii atımla ermənilərin sayını üstələyəcək.
Eks-prezident R.Köçəryan və indiki prezident S.Sərkisyan ermənilər və azərbaycanlıların uyuşmazlığı faşist nəzəriyyəsinin müəllifidirlər. B.Saakyan da həmin nəzəriyyənin daşıyıcısıdır. Bu daha bir arqumentdir ki, B.Saakyan azərbaycanlıların Dağlıq Qarabağa qayıtmasından danışmağa məcbur edilir.
B.Saakyan və digər ermənilər azərbaycanlıların Dağlıq Qarabağa qayıtmasını hüquqi müstəviyə keçirməkdə ciddi səhvə yol verirlər. Həmsədrlər loyal olduqları üçün ermənilər bu günə qədər cəzalandırılmayıblar. Hüquqi baxımdan azərbaycanlıların deportasiyası, Dağlıq Qarabağ ərazisində Ermənistan qoşunlarının mövcudluğu beynəlxalq məhkəməyə aid məsələdir. Ermənistan dövlət olaraq cəzalandırılmalıdır. S.Sərkisyan və R.Köçəryanla birlikdə B.Saakyan da beynəlxalq məhkəmənin qərarı ilə həbs olunmalıdırlar. Təəssüf ki, Dağlıq Qarabağ tənzimlənməsində hüquqi deyil, siyasi müstəvi prioritetdir.
Məsələni baş-ayaq təqdim etmək və ya arabanı atdan qabağa bağlamaq B.Saakyan kimilər üçün adi haldır. Məhz Dağlıq Qarabağın yurisdiksiyasını müəyyən etmək üçün deportasiya olunmuş azərbaycanlılar Dağlıq Qarabağa qayıtmalıdır. Deportasiya olunmuş azərbaycanlılar Dağlıq Qarabağa qayıtmadan Dağlıq Qarabağın heç bir yurisdiksiyası və ya hüquqi statusu olmayacaqdır.
B.Saakyan və S.Sərkisyan öz kütlüklərinin arxasında uzun müddət gizlənə bilməyəcəklər.
Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri