Bakıda Qoşulmama Hərəkatı nazirlər konfransı başlayır | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Qoşulmama Hərəkatı nazirlər konfransı başlayır

09:00 - 05 / 04 / 2018
Bakıda Qoşulmama Hərəkatı nazirlər konfransı başlayır

Bu gün Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin konfransı başlayır.

1news.az  xəbər verir ki, konfrans aprelin 6-na kimi davam edəcək. Nazirlər konfransına hazırlıq məqsədilə 3-4 aprel tarixində yüksək vəzifəli məmurlar səviyyəsində iclas keçirilib.

Konfransda Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri və xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatlar iştirak ediblər.

Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat qurum yanında müşahidəçi statusuna malikdir.

Nazirlər toplantısına 800-dən artıq iştirakçı qatılacaq.

Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına tam hüquqlu üzv olub.

2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcək. 2019-2022-ci illər ərzində Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcək.

Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçiriləcək 18-ci Sammitinin həm də böyük rəmzi mənası var. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatında iştirak edən ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi imkanı qazanacaq. Bu gün Avropa qitəsində cərəyan edən proseslər Hərəkatın prinsip, məqsəd və məramlarının Avropada da təşviq edilməsinin vacibliyini gündəmə gətirir.

Bir sıra dövlətlərin vaxtilə "Soyuq müharibə" dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilib. Qoşulmama Hərəkatı yarandığı tarixdən etibarən beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsində əsaslı rol oynayır.

Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada öz aktuallığını daha da artırır və Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Müstəmləkəçiliyin ləğv edilməsi və qlobal sosial inkişaf gündəliyinin yaradılması kimi XX əsrin ən mühüm nailiyyətlərindən bir çoxu Hərəkatın bu günədək dünyaya verdiyi önəmli töhfələri sırasındadır.

Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır.

P.Sultanova

 

 

Paylaş:
1274

Son xəbərlər

Bütün xəbərlər