Aprelin 11-də bütün dünya Azərbaycanda demokratik seçkilərin şahidi olacaq

Aprelin 11-də Azərbaycan demokratik seçki ənənəsini bir daha nümayiş etdirəcək.
1news.az-ın sechki-2018.az-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Dilarə Cəbrayılova deyib.
DCəbrayılova seçkilərə hazırlıq prosesinin beynəlxalq normalara və Seçki Məcəlləsinə uyğun aparıldığını qeyd edərək deyib: “Təbliğat-təşviqat kampaniyasında prezidentliyə namizədlərə bərabər şərait yaradılıb. Seçici siyahıları dərc olunub. Seçki bülletenləri dairə seçki komissiyalarına verilib.
Çoxsaylı beynəlxalq və yerli müşahidəçilər seçkini izləmək üçün qeydiyyatdan keçiblər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli müşahidəçiləri seçkiöncəsi dövrü müşahidə edərək, aralıq hesabatlarını yayıblar. Bununla yanaşı, müxtəlif beynəlxalq təşkilatlardan olan müşahidəçilər seçkiyə hazırlıq prosesini izləyiblər. Heç bir nöqsan və qanundan kənar hal qeydə alınmayıb. Bu, Azərbaycanda ədalətli və demokratik seçki mühitinin olduğunu sübut edir. Aprelin 11-də bütün dünya bir daha Azərbaycanda demokratik və ədalətli seçkilərin şahidi olacaq”.
Milli Məclisin deputatı 11 aprel seçkilərində xalqın iradəsinin əsas faktor olacağını da vurğulayıb.
S.Xankişiyeva