“Tokio-2020”: Para-atletimiz dünya rekordu müəyyənləşdirərək çempion oldu
Para-atletimiz Həmid Heydəri “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, nizə atma yarışlarında mübarizə aparan idmançımız 11 rəqibini qabaqlayaraq 51,42 xalla Paralimpiya çempionu olub.
Para-atletimiz, həmçinin dünya rekorduna da imza atıb. Əvvəllər dünya rekordu braziliyalı idmançı Sisero Valdiran Lins Npbreyə məxsus idi.
Bunadək Azərbaycanın hesabında 8 medal var idi. Paracüdoçular Şəhanə Hacıyeva (48 kiloqram), Vüqar Şirinli (60 kiloqram), Sevda Vəliyeva (52 kiloqram), Xanım Hüseynova (63 kiloqram), Hüseyn Rəhimli (81 kiloqram) qızıl, Namiq Abaslı (66 kiloqram) bürünc medala sahib olublar. Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Pauerliftinqçi Pərvin Məmmədov (49 kiloqram) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.
XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.