İlham Əliyev: Təbii qazla təchizat göstəricisinə görə Azərbaycan dünya miqyasında ən qabaqcıl yerlərdədir
Ölkə üzrə təbii qazla təchizat 96-97 faizə çatıb və bu göstəriciyə görə Azərbaycan dünya miqyasında ən qabaqcıl yerlərdədir.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə Prezident İlham Əliyev Cəlilabad və Şəmkir rayonlarına təyin olunmuş icra hakimiyyəti başçılarını videoformatda qəbul edərkən çıxışında bildirib.
Son illər hər iki rayonun sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görüldüyünü, dövlət investisiya proqramları çərçivəsində əsas infrastruktur layihələri icra olunduğunu qeyd edən dövlətimizin başçısı deyib: “Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramlarının icrası çərçivəsində hər iki rayonda böyük abadlıq işləri aparılıb. Demək olar ki, əsas infrastruktur layihələri icra edilmiş hesab oluna bilər. Hər iki rayonda elektrik təsərrüfatı tamamilə yenilənib və elektrik enerjisinin təchizatında hər hansı bir problem yoxdur. Qazlaşdırma işləri sürətlə aparılmışdır. Cəlilabad rayonunda qazlaşdırmanın səviyyəsi 90 faizdən çoxdur, Şəmkir rayonunda isə 100 faizə yaxınlaşır. Hesab edirəm ki, bu, son illər ərzində bölgələrdə aparılmış işlər arasında xüsusi yerə layiq olan işlərdir. Çünki təbii qazla vətəndaşlarımızı təmin etmək bizim əsas vəzifələrimizdən biri idi və bu gün ölkə üzrə təbii qazla təchizat 96-97 faizə çatıbdır. Bu göstəriciyə görə Azərbaycan dünya miqyasında ən qabaqcıl yerlərdədir”.
Cəlilabad və Şəmkir şəhərlərinə 2013-cü və 2017-ci illərdə içməli suyun verilməsini böyük hadisə adlandıran Prezident bildirib ki, bir çox kəndlərdə bu problem öz həllini tapıb. “Suvarma ilə bağlı böyük işlər görülüb. Bir çox artezian quyuları qazılıb. Eyni zamanda, Şəmkir rayonunda böyük su anbarı tikilib – Şəmkirçay su anbarı. Hansı ki, həm Şəmkir, həm də qonşu rayonlarda meliorativ tədbirlərin görülməsi üçün yeni imkanlar yaradıb, həmçinin suvarılan torpaqların miqyasını böyük dərəcədə genişləndirib”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.