Polis əməkdaşının arvadını öldürməsi ilə bağlı cinayət işi başlanıb
"Bu gün, yəni sentyabrın 30-da Xanım Məmmədovanın qəsdən öldürülməsi barədə məlumat daxil olub".
Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilib.
Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.