“Enerji təminatı məsələləri” İşçi Qrupunun iclası keçirilib
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.
1news.az-ın verdiyi xəbərə görə, İşçi Qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi iclasda regiondakı enerji obyektlərinin yenidən qurulması, zəruri infrastrukturun bərpası və ötən iclasda qəbul edilmiş qərarların icrası istiqamətində aparılan işlərin icra vəziyyəti haqqında məlumat verilib. Bildirilib ki, işlərin təyin olunmuş müddətdə yekunlaşdırılması üçün işğaldan azad olunmuş ərazilərdə müvafiq qurumlar tərəfindən hazırda görülən və planlaşdırılan işlərin əlaqələndirilməsi, koordinasiyalı fəaliyyət və məlumat mübadiləsinin intensivliyinin daha da artırılması zəruri məsələlərdəndir.
İclas çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzi tərəfindən iqtisadi, ekoloji və sosial faydaları – tullantıların və enerji istehlakının azaldılması və optimallaşdırılmasını ehtiva edən “Eko-innovasiyalar və eko-sənaye parkları” adlı məruzə dinlənilib. Məruzədə müxtəlif ölkələrin ekoloji cəhətdən daha səmərəli sənaye parklarının yaradılması üzrə təcrübəsi haqqında məlumat verilib.
Şuşa şəhərində strateji obyektlərin elektrik və istilik təchizatı ilə bağlı görülən işlərin həftəlik əsasda monitorinq edildiyi bildirilib. Növbəti dəfə yerində baxış keçirilməsi yolu ilə əldə edilmiş məlumatların təhlilinə dair təqdimat nümayiş etdirilib. Qazanxanaların, əlaqədar elektrik yarımstansiyalarının, məhəllədaxili və binadaxili istilik sistemlərinin qurulması, həmçinin qazanxanaların su ilə təminatına dair görülmüş işlərlə bağlı cari vəziyyət nəzərdən keçirilib.
İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisindəki "Xudafərin" və "Qız Qalası" su elektrik stansiyalarının tikintisi ilə bağlı görülən işlərə dair müzakirələr aparılıb.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qarabağ Rəqəmsal Geoİnformasiya Sisteminə qoşulmanın və məlumat mübadiləsinin vəziyyətinə dair hesabat nəzərdən keçirilib. İşçi Qrupa daxil olan aidiyyəti dövlət qurumlarının əksəriyyətinin Sistemə tam olaraq qoşulduğu bildirilib.
İşçi Qrupunun müvafiq iclaslarında qəbul edilmiş qərarların icrasından irəli gələn digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.