Baş Prokurorun müavini: “İstəyirik media nümayəndələri cinayət hadisələrini işıqlandırarkən məlumatlı olsunlar”
“Prokurorluq orqanları üçün kütləvi informasiya vasitələri arasında əlaqə daha daha yaxşılaşdırılır. Buna xüsusi önəm verilir” .
1news.az xəbər verir ki, bunu Baş prokurorun müavini Heydər Məmmədov Azərbaycan Respublikasının Baş Prokurorluğu və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “Media və Hüquqi Maarifləndirmə” mövzusunda tədbirdə deyib.
"Bir il ərzində kütləvi informasiya vasitələri tərəfindən yönləndirilən 1423 sorğu cavablandırılıb. Çalışmışıq ki, sorğular operativ şəkildə cavablandırılsın. Mətbuat xidməti vasitəsilə 819 məlumat hazırlanıb. Baş Prokurorluğun sosial şəbəkə hesablarında ayda bir dəfə onlayn qaydada vətəndaşlarla canlı şəkildə sorğu-sual sessiyası keçirilir. Həm müharibə dövründə, həm də ümumilikdə maariflənfirici materiallar hazırlanması təmin olunub.
Məlumatların çatdırılması üçün Baş Prokurorluq sosial şəbəkələrdən də istifadə edir.
"Media və Hüquqi Maarifləndirmə" vəsaitdən danışan H. Məmmədov qeyd edib ki, bu vəsait jurnalistlərin hadisə yerindən reportaj hazırlanması, təhlillərin hazırlanması, müsahibələrin alınmasında istifadə edilə bilər.
"Bizim jurnalistləri hüquqşünas etmək fikrimiz yoxdur. İstəyirik ki, jurnalistlərimiz cinayət hadisələrini işıqlandırarkən elementar hüquqi məlumatlara sahib olsunlar. Belə olduğu halda hazırlanan materiallar daha dolğun, daha doğru olur. Gələcəkdə də Baş Prokurorluq və Medianın İnkişafı Agentliyi arasında əməkdaşlıq davam edəcək”.