Mavi yanacağa həsrət qalan kəndlərimiz nə vaxt qazlaşdırılacaq? – “Azəriqaz” sədri ilə MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

Mavi yanacağa həsrət qalan kəndlərimiz nə vaxt qazlaşdırılacaq? – “Azəriqaz” sədri ilə MÜSAHİBƏ

10:06 - 21 / 10 / 2021
Mavi yanacağa həsrət qalan kəndlərimiz nə vaxt qazlaşdırılacaq? – “Azəriqaz” sədri ilə MÜSAHİBƏ

Redaksiyamıza hələ də yaşadığı kəndlərdə mavi yanacağın olmaması ilə bağlı şikayət ərizəsi ünvanlayan bir qrup sakinin istəyini nəzərə alıb, üz tutduq “Azəriqaz” İstehsalat Birliyinə.

Qurumun baş direktoru Ruslan Əliyev bu və ya digər məsələlərlə bağlı 1news.az-ın suallarını cavablandırdı.

Müsahibəni təqdim edirik:

- Ruslan bəy, hamıya məlumdur ki, Azərbaycanda hələ də qazlaşdırılmayan kəndlər var və bu kəndlərdə yaşayan sakinlər mavi yanacaq olmadığı üçün müəyyən çətinliklərlə üzləşirlər. İlk olaraq bu barədə danışaq. Niyə hələ də qazlaşdırılmayan kəndlərimiz var?

- Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramları çərçivəsində iqtisadiyyatın digər sahələri kimi qaz təsərrüfatında da son illər böyük nəaliyyətlər əladə olunub. Əhalinin sosial rifahının yaxşılaşdırılması və enerji təminatı məqsədilə dövlət tapşırığına uyğun olaraq Respublikanın müxtəlif bölgələrində kənd və qəsəbələrin sürətli qazlaşdırılması işləri aparılıb. Belə ki son 10 il ərzində ümumən 1600-dən çox kənd və qəsəbə qazlaşdırılıb. Proses çərçivəsində sərhəd bölgələrində yerləşən yaşayış məntəqələrinin qazlaşdırılması xüsusi diqqət mərkəzində saxlanılıb. Bununla yanaşı həmin dövrdə Bakı şəhərində və regionlarda 100-dən artıq yeni yaşayış massivi mavi yanacaqla təmin olunub. Təbii qazla yeni təmin olunmuş əhali abonentlərinin sayı 2 milyon 380 mini ötüb. Yaşayış ərazilərinin qazlaşdırılması layihələri çərçivəsində Respublikada 55 min kilometrdən çox, o cümlədən Bakı şəhərinin yeni yaşayış massivlərində 2,3 min kilometrə yaxın müxtəlif diametrli qaz xətlərin çəkilib. Dövlət dəstəyi ilə həyata keçirilmiş qazlaşdırılma tədbirləri nəticəsində ölkə ərazisində əhali sektorunun qazlaşdırılması səviyyəsi 96 faizi ötüb. Azərbaycan Respublikasında qazlaşma səviyyəsi və qazlaşma sürəti qonşu ölkələrdəki və bir sıra inkişaf etmiş ölkələrdəki göstəricilərdən daha yüksək olub. Məlumdur ki, Respublikamızda təbii qazdan istifadə etməyən kəndlərimiz də var. Qazlaşmayan kəndlərin böyük bir qismi dağlıq ucqar ərazilərdə və yaxud mövcud qaz təchizatı mənbələrindən müəyyən qədər aralı məsafədə yerləşən məntəqələrdir. Lakin əhalinin qaz təminatının yaxşılaşdırılması və sosial rifahının yüksəldilməsi məqsədilə Dövlət Proqramına uyğun olaraq, qazla təmin olunmayan yaşayış məntəqələrinin qazlaşdırılması işləri mərhələli şəkildə davam etdirilir. Növbəti ildə də bu tədbirlər davam etdiriləcək.

- Ümumiyyətlə sakinlərin mavi yanacaqla bağlı probleminin növbəti ilin sonuna kimi həll olunması gözlənilirmi, yoxsa?

- Təbiidir ki, qazlaşdırılma işlərinin aparılması üçün zaman və müvafiq resurslar tələb olunur. Cari ildə olduğu kimi əsas hədəflərimizdən biri, qazlaşdırılmayan kəndlərdə mərhələli şəkildə müvafiq qaz infrastrukturunun yaradılması işlərinin davam etdirilməsindən ibarətdir. Nəzərinizə çatdırım ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən işlər mərhələli şəkildə həyata keçirdiyindən müəyyən vaxt göstərmək hal-hazırda mümkün deyil. Lakin biz çalışırıq ki, hər bir evi hər bir mənzili bu il olmasa da növbəti illərdə mavi yanacaqla təmin edək. Növbəti ildə 52 kənddə və 18 yeni yaşayış massivində qazlaşdırılma işlərinin aparılmasını planlaşdırmışıq. Eyni zamanda qeyd etmək istərdim ki, dövlət qayğısı ilə əhatələnmiş şəhid ailələrinin və Qarabağ müharibəsi iştirakçılarının sosial rifahının daha da yüksəldilməsi üçün onların yaşadıqları fərdi yaşayış evlərinin “Azəriqaz” İB-nin daxili imkanları hesabına qazlaşdırılması işləri də geniş vüsət alıb.

- Məlumdur ki, bu gün redaksiyamıza Azəriqazla bağlı şikayət daxil olursa, deməli bu şikayət ilk olaraq “Azəriqaz”ın özünə daxil olur. Ümumiyyətlə deyə bilərsinizmi ən çox daxil olan şikayətlərin mahiyyəti nədən ibarətdir?

- Müştəri məmnuniyyətinin təmin olunması məqsədi ilə kommunal xidmətlər arasında ilk dəfədir ki “Azəriqaz” İB tərəfindən 2021-ci ildən başlayaraq Respublikanın müxtəlif bölgələrində “Açıq mikrofon” adlı tədbir həyata keçirilir. Bu tədbir vasitəsi ilə biz əhalini və sahibkarları qaz təchizatı ilə bağlı narahat edən problemlərini dinləyir, onların həllinə çalışırıq. Bu görüşlərdə qaldırılan məsələlərə aid əsasən yaşayış ərazilərinin qazlaşdırılması, qaz sayğacları və qazın uçotu ilə bağlı məsələlər, qaz xətlərinin yerinin dəyişdirilməsi, qazdan istifadə ilə bağlı məsələləri qeyd etmək olar. Demək olar ki, qaldırılan məsələlərin əksəriyyəti müsbət istiqamətdə həll olunub. Bu görüşlər çərçivəsində istixana sahibləri ilə də yerində bir neçə görüşlər keçirilib və yaranmış çətinliklərin həlli istiqamətində praktiki tədbirlər görülüb. Hazırda müxtəlif bölgələrdə “Açıq mikrofon” adlı ümumən 20 tədbir keçirilib, onlardan 4-ü sahibkarların iştirakı ilə reallaşıb.

- Və sonda ənənəvi sualımız verək. Təbii ki, ilin sonuna 2 ay qalsa da, ümumilikdə bu il Azəriqaz hansı işləri reallaşdırıb?

- Deməli, 2021-ci ilin 9 ayında “Azəriqaz” İB üzrə 4,597 milyard m3 qaz satılıb. Ondan, qeyri-əhali sektoru üzrə 2,073 milyard m3, əhali sektoru üzrə 2,524 milyard m3. Gündəlik şəbəkəyə qazın qəbulu 17.3 milyon m3-dir. Ondan 11,0 milyon m3 əhali istehlakçıları və kiçik həcmli qeyri-əhali obyektləri qidalanan qaz kəmərlərinə verilir. Müqayisə üçün göstərmək olar ki, bu il (11 oktyabr tarixində) son sutka ərzində keçən il ilə müqayisədə ümumi şəbəkəyə 8,0 milyon m3, o cümlədən əhali xətlərinə 4.8 milyon m3 çox qaz qəbul olunub. Oktyabr ayının 11 günü ərzində isə keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi şəbəkəyə 87.4 milyon m3, o cümlədən əhali xətlərinə 44.8 milyon m3 artıq həcmdə qaz qəbul olunub. 2021-ci ildə “Azəriqaz” İB-nin daxili imkanları çərçivəsində 28 rayonda müxtəlif bölgələrdə 17 kəndin və 40-a yaxın yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. Bu ərazilərin əksəriyyətində hal-hazırda qaz xətlərinin quraşdırılması işləri aparılır. İlin sonuna qədər planlaşdırdığımız qazlaşma işləri tam şəkildə yekunlaşdırılacaq və sakinlər təbii qazdan rahat istifadə edə biləcəklər. Qazlaşmdırma layihələri ilə bağlı 2021-ci ildə ümumən 227 km müxtəlif diametrli qaz xətti çəkilib.2021-ci ilin 9 ayında müxtəlif bölgələrdə cəmi 335 km qaz xətti yenidən qurulub. Müştəri məmnuniyyətinin təmin olunması, müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, şəffaflığın təmin olunması məqsədilə Bakı şəhərində və regionlarda fəaliyyət göstərən Asan Xidmət və Asan kommunal Mərkəzlərində qaz təchizatı ilə bağlı 21 növ xidmət göstərilir. Bu xidmətlərin elektronlaşması istiqamətində işlər aparılır. Əməliyyat səmərəliliyinin artırılması və müasir idarəetmə prinsiplərinin tətbiqi məqsədilə qaz təsərrüfatının müxtəlif istiqamətləri üzrə İSO 9001 kefiyyətin idarəedilməsi sisteminin tədbiqi uğurla davam etdirilir. Müştərilərdən daxil olan müraciətlərə və çağırışlara operativ baxılması və tədbirlərin görülməsi üçün 104 çağrı mərkəzi yeni formatda, müasir informasiya-kommunikasiya texnologiyalarından və avtomatlaşdırılmış elektron proqram təminatından istifadə etməklə öz fəaliyyətini davam etdirir. Yaxın perspektivə əsas hədəflərimiz “Azəriqaz” İB tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, müştəri tələblərinin maksimum təmin olunması, qaz təchizatı şəbəkəsinin müasir standartlara uyğun olaraq modernizasiyası, əməliyyat səmərəliliyin artıran müasir texnika və texnologiyaların tədbiqi, idarəetmə prinsiplərinin təkmilləşdirilməsindən ibarətdir.

Paylaş:
663

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər