ABŞ ordusu Suriyada İrana bağlı hədəfləri vurdu
ABŞ ordusu bu gün səhər saatlarında Suriyanın şərqində İran İnqilab Keşikçiləri tərəfindən dəstəklənən silahlı qruplaşmaların istifadə etdiyi ərazilərə hava zərbələri endirib.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, açıqlamada hücumun “gərginlik riskini məhdudlaşdırmaq və insan tələfatı riskini minimuma endirmək” məqsədi ilə həyata keçirildiyi bildirilib.
ABŞ Mərkəzi Komandanlığının sözçüsü polkovnik Coe Buccino deyib ki, bugünkü hücumlar ABŞ şəxsi heyətini qorumaq və müdafiə etmək üçün lazım idi.
“Prezident Baydenin göstərişi ilə ABŞ hərbi qüvvələri bu gün Suriyanın Deyr əz-Zor bölgəsinə dəqiq hava zərbələri endirib. Bu dəqiq zərbələr ABŞ qüvvələrini avqustun 15-də İranın dəstəklədiyi qrupların ABŞ personalına qarşı həyata keçirdikləri hücumlara bənzər hücumlardan müdafiə etmək və qorumaq məqsədi daşıyır” – deyə, Buccino açıqlamasında bildirib.
İran və Suriya hələlik mövzu ilə bağlı açıqlama verməyib.
“CNN İnternational” isə, “Keçən həftə ABŞ əsgərlərinin yerləşdiyi baza yaxınlığındakı hücumlardan sonra Bayden Suriyada İranın dəstəklədiyi qruplara qarşı hava hücumları əmrini verib” başlığı ilə xəbər verib.