“Ermənistan bu əməllərinə görə cəzalandırılacaq” - Deputatdan ŞƏRH
“Yekdilliklə deyə bilərik ki, baş vermiş bu hadisələrin tək və yeganə məsuliyyətini daşıyan tərəf Ermənistandır və törədilmiş bu təxribatlara görə də Ermənistan tərəfi cavab verməlidir”.
Bu sözləri 1news.az-a açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Naqif Həmzəyev deyib:
“Biz növbəti dəfə Ermənistanın irimiqyaslı təxribatının şahidi olduq. Hərçənd ki, Brüssel görüşündən sonra əldə olunmuş razılıqlar onu deməyə imkan verirdi ki, biz ən qısa zamanda sülhün baş tutacağına, Ermənistanla Azərbaycan arasında hansısa sənədin imzalanacağına şahid olacağıq. Burada bir neçə məqam var. Ehtimal olunur ki, Paşinyan daxili auditoriya üçün işləyir, yəni sülhdən danışır, reallıqda isə təxribatlar törədərək daxili auditoriyanın inamını geri qaytarmaq istəyir. İkinci ehtimal olunan odur ki, revanşist qüvvələr Paşinyanın Azərbaycanla yaxınlaşmasını həzm edə bilmir və nəticə etibarilə Azərbaycan silahlı qüvvələrinə qarşı sərhəd boyu ərazilərdə irimiqyaslı təxribatlar törətməklə münaqişəni yenidən alovlandırmaq və baş tutma ehtimalı olan sülh razılaşmasının üstündən xətt çəkmək istəyir. Üçüncü məqam isə beynəlxalq güclərdir. Ermənistanın hansısa havadarları Paşinyanın əldə etmək istədiyi sülh razılaşmasını qəbul edə bilmirlər və onlar həm sülhə mane olmaq, həm də Paşinyanı devirə bilmək üçün bu cür təxribatları dəstəkləyirlər. Yekdilliklə deyə bilərik ki, baş vermiş bu hadisələrin tək və yeganə məsuliyyətini daşıyan tərəf Ermənistandır və törədilmiş bu təxribatlara görə də Ermənistan tərəfi cavab verməlidir”.
"Qısa müddət öncə “Qisas” əməliyyatı keçirilməsinə baxmayaraq Ermənistanın hələ də təxribatlar törətməyə davam edir"- deyən deputat sözlərinə bu cür davam edib:
“Azərbaycan silahlı qüvvələri hələ bir ay bundan öncə “Qisas” əməliyyatını həyata keçirdi, Ermənistanın təxribatlarının cavabını verdi, şəhidiimizin qanını yerdə qoymadı və Ermənistan yenidən beynəlxalq güclərə, dünya liderlərinə yalvararaq atəşkəsə nail olmağa çalışdı və Azərbaycan “Qisas” əməliyyatını həyata keçirdikdən sonra Ermənistanın ağıllanacağını və sülh proseslərini uzatmaq niyyətindən əl çəkəcəyini və real addımlar atacağını fikirləşdi və bu səbəbdən də Brüssel görüşündə razılıqlar əldə olundu. Ancaq təəəssüflər olsun ki, Ermənistan hər dəfə söz verir, öhdəliklər götürür, amma biz real addımların şahidi olmuruq.
Ötən gecə Ermənistan təxribatları fonunda yenidən Paşinyanın dünya liderlərinə zəng edib dəstək istəməsi başqa məqamlardan da xəbər verir. Ehtimal olunur ki, Ermənistan tərəfi Rusiyanı və digər müttəfiq hesab etdiyi ölkələri bu münaqişəyə cəlb etmək istəyir və bu ərazidə Azərbayacan- Ermənistan münasibətlərində digər beynəlxalq güclərin dəstəyini alaraq hansısa üstünlüklər əldə etmək niyyətindədir. Ancaq reallıq ondan ibarətdir ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın əldə etdiyi üstünlüklər, yaratdığı yeni reallıqlar fonunda Azərbaycana qarşı hansısa beynəlxalq gücün və ya hansısa bir dövlətin döyüşmək, müharibə etmək niyyəti yoxdur və ola da bilməz. Olacağı təqdirdə Azərbaycan bütün qüvvələrin qarşını almaq iqtidarındadır.
Ermənistanın da təxribatlarının qarşısı yüksək səviyyədə alınıb və düşünürəm ki, Ermənistan bu təxribatlarından əl çəkməyəcəyi təqdirdə Azərbaycan bütün Ermənistan silahlı qüvvələrini zərərsizləşdirmək, əli silah tutan erməniləri məhv etmək və Ermənistan hərbi gücünü tamamilə sıradan çıxarmaq iqtidarındadır. Beynəlxalq təşkilatlar bu prosesdən sonra qətiyyən susmamalıdır, tərəflərə atəşkəsə əməl etmək, silahı yerə qoymaq çağırışları etməkdənsə, konkret olaraq Ermənistana təzyiqləri artırmalıdır və sanksiyalar tətbiq edilməlidir. Əks təqdirdə Ermənistan yenə də bu təxribatlardan əl çəkməyəcək. Bir sözlə, baş verən təxribatların tək və yeganə məsuliyyətini daşıyan tərəf Ermənistandır”.
N.Həmzəyev sonda Ermənistan silahlı qüvvələrinin təxribatlara davam edəcəyi təqdirdə , “Qisas 2” əməliyyatının ola biləcəyini söyləyib:
“Bu təxribatların hansı səbəbdən və hansı zərurətdən baş verməsinin real səbəblərini bilməsək də, Ermənistan bu əməllərinə görə cəzalandırılacaq. Azərbaycan silahlı qüvvələri tərəfindən artıq müəyyən qədər cəzası verilib və ehtimal olunan odur ki, “Qisas 2” və ya başqa adlı əməliyyatlar keçirilə bilər və keçirilməlidir. Düşünürəm ki, bu təxribatı törədən tərəflər öz cəzalarını mütləq alacaqlar”.
Xatırladaq ki, 12 sentyabr 2022-ci il tarixində gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Ayşən İsmayılova
Həmçinin oxuyun:
Azərbaycan XİN-dən Ermənistanın təxribatı ilə bağlı BƏYANAT
MN: Azərbaycanın Ermənistanın ərazisinə müdaxilə etməsi barədə yayılan xəbərlər cəfəngiyyatdır
Ceyhun Bayramovla ABŞ dövlət katibinin köməkçisi arasında telefon danışığı olub
Politoloq: “Yaxın saatlar ərzində Paşinyan Azərbaycan qarşısında diz çökməlidir”