“Azərbaycan güclü dövlətdir və dinc əhali ilə işi yoxdur” - DEPUTAT
“Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatı indiyədək aparılan danışıqlar prosesinə, xüsusilə də Moskvada, Soçidə və Brüsseldə keçirilən bütün danışıqların mahiyyətini alt-üst etdi”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
“Şarl Mişelin vasitəçiliyi ilə son danışıqlarda Ermənistan həm sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirirdi, həm də qəbul etdiyi bəyanatda qeyd etmişdi ki, noyabrın ortalarına qədər sülh müqaviləsinin iki versiyası da hazır ola bilər. İstisna deyildi ki, ilin sonuna qədər sülh müqaviləsinin imzalanması baş tuta bilərdi.
Ermənistan silahlı qüvvələrinin yaratdığı bu təxribat çoxsaylı suallar yaratdı. Mənə elə gəlir ki, burada əsas hədəf onunla bağlıdır ki, Ermənistan bu cür təxribatlarla sülh müqaviləsinin imzalanmasını əngəlləmək istəyir. Bunu istəməsinə səbəb dünyadakı, xüsusilə Birləşmiş Ştatlarda, Fransada və Rusiyadakı erməni lobbisi və diasporudur. Qarabağ onlar üçün konsolidasiya mövzusudur. Yəni Qarabağ mövzusu varsa, dünyadakı erməni lobbisi və diasporu birləşdirən güc var. Sanki Azərbaycan-Ermənistan münasibətləri normallaşanda lobbini birləşdirici başlıqdan məhrum edirsən. Ona görə də onlar çox ciddi təzyiq göstərirlər ki, belə bir sülh müqaviləsi imzalanmasın. İkincisi isə Azərbaycan silahlı qüvvələrinin baş komandanı İlham Əliyev dəfələrlə qeyd edib ki, münaqişə bitib və biz həllini gözləyən məsələlərin tənzimlənməsi ilə məşğul olmalıyıq. Ermənistanın baş naziri isə baxmayaraq ki, 5 baza prinsipini qəbul edib, amma hər zaman deyir ki, Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi məsələsi açıq qalıb. Bu kontekstlə ermənilərin status məsələsi aydınlaşmalıdır, bunu isə ATƏT-in Minsk qrupu tənzimləməlidir”.
“Ermənilər atəşkəsi intensiv şəkildə pozmaqla demək istəyirlər ki, münaqişə hələ bitməyib, həllini gözləyən məsələlər var” – deyə sözlərinə davam edən E.Nəsirov Azərbaycanın Ermənistandan fərqli olaraq mülki əhalini hədəf almadığını xüsusən vurğulayıb.
“Mənə elə gəlir ki, onların təxribatlarını izah etmək çox çətindir. Azərbaycan silahlı qüvvələri onların başını yenidən əzib. Erməni sosial şəbəkəsinin yazdığı məlumata görə 200-300 itkiləri olub. Xeyli hərbi qüvvələri məhv edilib. Artıq erməni əhalisinin sabaha inamı itib. Amma onlar dezinformasiya yayırlar ki, guya biz Ermənistanın mülki əhalisini hədəf almışıq. Halbuki vəziyyət tam əksinədir. İkinci Qarabağ müharibəsində də gördük ki, onların gücü çatmayanda mülki insanları, obyektləri və yaşayış məntəqələrini vururlar. Bu zəiflərin xislətidir. Azərbaycan güclü dövlətdir və dinc əhali ilə işi yoxdur.
Hesab edirəm ki, bu əməliyyatdan sonra Ermənistanın sülhdən başqa alternativi olmayacaq. Çünki müharibə olsa, bu Ermənistan sonunun başlanğıcı olar”.
Ayşən İsmayılova