Pakistan səfiri: “Bu, insanlığa qarşı törədilmiş hərbi cinayətlərdir”
“Mən Gəncənin raket atəşinə tutulmasından dərhal sonra da Gəncəyə səfər etmişdim”.
1news.az xəbər verir ki, bunu Gəncədə səfərdə olan Pakistanın Azərbaycandakı səfiri Bilal Haye jurnalistlərə açıqlamasında deyib.
“Bunlar insanlığa qarşı törədilmiş hərbi cinayətlərdir. Buna görə bu hadisələri törədənləri məsuliyyətə cəlb etmək lazımdır, ədalət bərqərar olmalıdır. Ermənistan tərəfi də maraqlı olmalıdır ki, hadisədə əli olanlar məsuliyyətə cəlb olunsunlar”.
Səfir deyib ki, davamlı sülh əldə olunmalıdır.
“Sərhədlər müəyyən olunmalıdır, başqa cür regionda sülhü əldə etmək mümkün olmayacaq. Ermənistan anlamalıdır ki, bütün bunlar olmasa regionun əməkdaşlıq imkanlarından istifadə etmək mümkün olmayacaq. Ümid edirəm ki, məsələ tezliklə həllini tapacaq”.
Xatırladaq ki, Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri Gəncə bir neçə dəfə raket və ağır artilleriya hücumlarına məruz qalıb. Hücum zamanı aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 175 nəfər isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
1news.az