“İşğaldan azad olan ərazilərdə növbəti tarixi hadisə baş verir” - Deputat
“İşğaldan azad olan ərazilərdə növbəti tarixi hadisə baş verir”.
Bu sözləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib:
“Belə ki, qardaş ölkə Türkiyənin Prezidenti Rəcəb Tayib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə ikinci dəfə strateji və iqtisadi baxımdan önəmli Beynəlxalq Havalimanının açılışında iştirak ediblər. Birincisi qeyd etmək lazımdır ki, 44 günlük Vətən Müharibəsi zamanı Ali Baş Komandanın rəhbərliyi ilə qələbə qazandıqdan sonra işğaldan azad olunmuş ərazilərdə Ermənistan tərəfindən vandalizmə məruz qalan ərazilərimizdə artıq yenidənqurma işləri üzrə tədbirlər sürətlə həyata keçirilir. Bundan əvvəl Füzulidə Beynəlxalq hava limanının açılışı edildi, indi də Zəngilanda Beynəlxalq Havalimanın açılışı edilir. Füzulidə də Havalimanına təyyarəsi enən ilk rəsmi şəxs elə məhz Rəcəb Tayyib Ərdoğan idi. Bu dəfə də Zəngilan Beynəlxalq Havalimanının tikinti işləri qısa müddətdə başa çatmış və yenə də ilk rəsmi səfər edən şəxs də Cənab Rəcəb Tayyib Ərdoğan olmuşdur”.
Millət vəkili həmçinin qeyd edib ki, bu addım iki ölkə arasındakı dostluğun, qardaşlığın əbədiliyinin göstəricisidir:
“Bu, iki ölkənin qardaşlığının bir təntənəsidir, eyni zamanda bir işarədir ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir. Bu qardaşlıq artıq beynəlxalq güc mərkəzinə çevrilibdir. Zəngilan Beynəlxalq Havalimanı böyük strateji əhəmiyyətə sahib ərazilərdir. Birincisi bura böyük strateji əhəmiyyətə malik ərazidir, həm də turizm baxımdan çox əlverişlidir”.
Xatırladaq ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub.
Aynurə Xudaverdiyeva