“İmam Mehdi gələndə gərək birinci İrandan başlasın”
“İran niyə Azərbaycan sərhədləri yaxınlığında hərbi təlim keçirir? Bu təlimləri Hind okeanı sahilində, digər ərazilərdə keçirə bilər. Bu artistlik nəyə lazımdır? Təlimlərdə tankla Araz çayını keçməklə məşq edilir? Niyə? Araz çayını velosipedlə də keçmək olar”.
1news.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Siyavuş Novruzov bildirib.
O qeyd edib ki, işğaldan azad olunan ərazilərdə hərbi bazaların deyil, hava limanlarının, yaşayış yerlərinin olması nümunəvi addımdır: “İranın Arazın kənarında hərbi təlimlər keçirməsi nəyə lazımdır? 30 il ərzində bu təlimlər niyə keçirilmirdi? Bu addımlarla İran heç kimə hədə-qorxu gələ bilməz. 30 il Azərbaycanın İslam dəyəri təhqir olunanda niyə İran hərəkətə gəlmirdi? Əgər İmam Mehdinin adından istifadə edirlərsə, İmam Mehdi gələndə ədaləti bərpa etmək üçün gərək birinci İrandan başlasın, orada ədaləti təmin etsin”.
Siyavuş Novruzov vurğulayıb ki, Türkiyə və Azərbaycan rəhbərliyinin Zəngilanda görüşməsi qardaşlığımızın, tək olmadığımızın növbəti sübutudur.
***
İranla bağlı məsələyə deputat Fəzail Ağamalı da münasibət bildirib. Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın Zəngilanda açılışa qatılması, bunun görüntüsü həm Fransa, həm də İran üçün soyuq duş effekti yaratdı: “Azərbaycan və Türkiyə arasında əməkdaşlıq hər iki dövlətə ciddi uğurlar gətirəcək. 44 günlük müharibədə olduğu kimi, bu gün də, sabah da Türkiyə, Türk xalqı Azərbaycanın yanında olacaq”.