“Xankəndinə Ermənistan ərazisindən gətirilən ermənilər hazırlanmış ssenarinin tərkib hissəsidir”
“Ermənistan daha da acınacaqlı vəziyyətə düşmək istəmirsə, ikibaşlı oyunundan əl çəkməlidir”.
Bu sözləri Milli Məclisin deputatı Cavid Osmanov 1news.az-a açıqlamasında deyib.
C.Osmanovun sözlərinə görə, bu gün Soçi şəhərində keçiriləcək olan üçtərəfli görüş çox gərgin keçəcək:
“Bu gün Soçidə keçiriləcək Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə olan üçtərəfli görüş əvvəlcədən proqnozlaşdırmaq olar ki, çox gərgin keçəcək. Həm Ermənistanın Baş naziri Nikol Paşinyanın və bəzi rəsmilərin bu günlərdə təxribat dolu bəyənatlarla çıxış etməsi, Ermənistan ərazisindən hər hansısa bir dəhlizin heç vaxt olmayacağı bəyanatının verilməsi və digər absurd xarakterli bəyənatlarla çıxış edilməsi, Ermənistan tərəfindən görüşün gərgin keçməsinə səbəb olur. Həmçinin ötən gün Xankəndinə Ermənistan ərazisindən gətirilən ermənilərin yerləşdirilməsi, burada səsləndirilən fikirlər, bəyanatlar onu göstərir ki, bu hazırlanmış ssenarinin tərkib hissəsidir”.
Deputat bildirib ki, Rusiya bu görüşdə sülh üçün daha çox səy göstərməlidir:
“Düşünürəm ki, Rusiya da bu görüşdə sülh üçün maraqlı olmalıdır ki, beynəlxalq arenada zədələnən imicini daha da aşağı salmamaq üçün, noyabr ayında qəbul olunan bəyanatın bəndlərini Ermənistan tərəfindən tələb etməlidir. Çünki hazırda Azərbaycan topaqlarında erməni separatçı qüvvələri və rus sülhməramlılarının nəzarət etdiyi ərazilərdədir. Azərbaycan öz qətiyyətli mövqeyini hər zaman ortaya qoyub. Düşünürəm ki, İlham Əliyevin peşəkar diplomatik fəaliyyəti bu gün bir daha özünü göstərəcəkdir. Qeyd edim ki, Azərbaycanın səbr kasasının limiti var. Əgər Ermənistan daha da acınacaqlı vəziyyətə düşmək istəmirsə, ikibaşlı oyunundan əl çəkməlidir”.
Aynurə Xudaverdiyeva