Paytaxtda daşınmaz əmlak bazarında qiymətlərdə kəskin və ciddi artım nəzərə çarpır - Ekspertlə MÜSAHİBƏ
Son iki ildə daşınmaz əmlak bazarında qiymət artımı baxımından fəallıq nümayiş edilir.
Xüsusilə mənzil qiymətləri müşahidə olunur. Statistika göstərir ki, köhnə və yeni tikilmiş binalarda mənzillərin qiyməti əvvəlki illərlə müqayisədə təxminən 15-20 faiz bahalaşıb. Ötən 6 ay ərzində qeydə alınan kəskin qiymət artımı isə mənzil sahibi olmaq istəyən şəxslərin işini xeyli çətinləşdirib. .
Bəs bu artımların səbəbi nədir?
Məsələ ilə bağlı 1news.az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev müsahibə verib.
Sözügedən müsahibəni təqdim edirik:
- Elnur müəllim, hazırda əmlak bazarında qiymətlər necədir? Ötən ilin müvafiq dövrünün göstəriciləri ilə hazırkı vəziyyət arasında nə kimi fərqlər var?
- Ötən ilin əvvəlindən sonuna qədər qiymətlərə nəzər yetirsək görərik ki, qiymətlərdə kəskin və ciddi artım nəzərə çarpır. Bu daha çox köhnə binalarda diqqətə çarpır. Sökülmək üzrə olan binalarda hazırda 20%-ə qədər qiymət artımı müşahidə olunub. Buna səbəb həmin binların sökülüb, yerinə yeni bina tikilməsi, həmin binaların sakinlərinə həm kirayə pulu verilməsi, həm də yeni binadan ev verilməsidir. Həm də bu səbəblərdən dolayı əllərində pul olanların da bu binalara marağı artıb, çünki sözügedən binalarda 1-2 otaqlı mənzillər sökülən zaman yerinə tikilən yeni binalarda həmin 1-2 otaqlı mənzillər daha böyük olur və təzə binalarda qiymət daha baha olur deyə köhnə tikililərə maraq daha çox artıb.
- Yeni tikili binalarda, torpaq bazarı və tikinti materialları bazarındakı qiymət necədir?
- Yeni tikili bina mənzillərində də ciddi qiymət artımı müşahidə olunur. Bunun da özünün bir çox səbəbləri var. Tikinti materiallarının bahalaşıb. Həmçinin torpaq bazarındakı qiymət artımı müşahidə olunur. Yaxşı ərazilərdə, çıxarışlı torpaq əraziləri yox səviyyəsindədir varsa da qiymətlər çox bahadır. Həm də hazırda tikinti şirkətləri daha çox pilot layihələr üzərində çalışırlar. Bu da qiymət artımına təsirsiz ötüşmür.
- Bəs kommersiya obyektlərində qiymətlər nə yerdədir?
- Kommersiya obyektlərinın satışı və icarəsi çox bahadır. Pandemiya dövrünə də baxsaq görərik ki, bağlı olsalar belə qiymətlərində qətiyyən enmə halı müşahidə olunmadı. Kommersiya obyektlərinin satışı onların kirayə məbləği ilə ölçülür. Belə deyək, bir kommersiya obyektinin qiyməti 100.000 manatdırsa, onun aylıq icarə haqqı 500 manatdır. 1 milyondursa aylıq icarə məbləği 5000 manatdır. Əgər sözügedən obyektlərin icarə qiyməti aşağı düşsə birbaşa olaraq satış qiyməti də aşağı düşür. Buna görə də obyekt sahibləri çox vaxt obyekti boş saxlayırlar, aşağı icarəyə vermirlər ki, qiyməti aşağı düşməsin.
- Maraqlıdır, köhnə tikili binalarda qiymət birdən-birə niyə artım müşahidə olundu və bu il ərzində qiymət azalması ehtimalı var?
- Belə düşünürəm ki, bu ilin ortalarına kimi köhnə binalarda qiymətlər biraz ucuzlaşa bilər. Bu binalarda qiymət artımına əsas səbəblərdən biri də yerli mediada yayılan bəzi xəbərlər idi ki, orada qeyd olunurdu ki, guya tezliklə bütün köhnə binalar sökülüb əvəzinə yeni binalar tikiləcək. Digər səbəblərdən biri də Rusiya-Ukrayna müharibəsi oldu ki, həmin ölkələrdə yaşayan həm azərbaycanlılar, həm də xaricilər ölkəyə gəlirdirlər. Lakin sözügedən ölkələrdə yaşayan çox azərbaycanlının ölkəmizdə evi var.
- Bəs, fərdi evlərdə vəziyyət nə yerdədir ? Onlarda da artım müşahidə olunurmu ?
- Fərdi evlərə gəldikdə isə əhali daha çox Abşeron ərazisində yerləşən həyət evlərini almağa üstünlük verirlər. Çünki qiymətlər nisbətən ucuzdur. Məsələn 30-40 min manata 2-3 otaqlı ev almaq olur. Lakin həmin evlərin rəsmi çıxarışı olmur. Həmçinin ipotekalı evlərə də maraq artıb.