Baş nazir Əli Əsədov yanğın baş vermiş Neft Emalı Zavodunda əməliyyat müşavirəsi keçirdi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 5-də Neft Emalı Zavodunda baş vermiş yanğının səbəblərini yerində araşdırmaq üçün hadisə yerinə gedib, bilavasitə yanğının söndürülməsi prosesini müşahidə edib.
Nazirlər Kabinetindən 1news.az-a veriən məlumata görə, Baş nazir fövqəladə hallar naziri, nazirliyin aidiyyəti strukturlarının rəhbərləri, SOCAR-ın prezidenti və başqa rəhbər şəxslərin iştirakı ilə əməliyyat müşavirəsi keçirib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və başqa məsul şəxslər yanğının səbəblərinin araşdırılması və dəymiş ziyanın hesablanmasına dair məruzə ediblər.
Baş nazir səbəblərin araşdırılması və belə halların qarşısının alınması istiqamətində qəti tədbirlərin görülməsi haqda tapşırıqlar verib.




