“Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” kitabının III cildi təqdim edilib - FOTO

“Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” kitabının III cildi təqdim edilib.
1news.az xəbər verir ki, digər iki cilddə olduğu kimi, “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” adlı elmi-tədqiqat əsəri Türkiyə, Rusiya, Gürcüstan, İran və Avropa ölkələrindəki dövlət və şəxsi arxivlərdən toplanan mənbələr əsasında hazırlanıb.
III cildə daxil edilən 144 maddi-mədəni irs nümunəsi
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Əfqan Vəliyevin müəllifliyində hazırlanan “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” kitabının III cildində də Qərbi Azərbaycanla bağlı daha 144 maddi-mədəni irs nümunəsi tədqiq olunub. Hər üç elmi tədqiqat əsərində həmin abidələrin tarixi hərtərəfli araşdırılıb və düzgün elmi təsnifata uyğun olaraq onların reyestri verilib.
Qərbi Azərbaycandakı ümumilikdə 532 abidənin tədqiqi
Qeyd edilib ki, Qərbi Azərbaycan maddi-mədəni irsinə aid 532 abidəni tədqiq etməyə nail olunub.
Kitabın simvolik əhəmiyyəti və təqdimatı
Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc bildirib ki, “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” adlı III cildin hazırlanması 144 maddi-mədəni irs nümunəsinə vəsiqə verilməsi deməkdir: “Kitabın üz qabığında əksini tapan foto-Murov, Alagöz və Ağrı dağına sülhlə dönüş əks olunub. Göründüyü kimi, dağları aşaraq bir-birinə qovuşan xalqımızın çoxəsrlik yurd sevgisi və həsrəti bir idealda birləşir.”
Erməni vandalizmi və tarixi irsin məhv edilməsi cəhdləri
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli çıxışında ermənilərin milli irs tariximizin qalıqlarını məhv etmək cəhdlərindən söhbət açıb: "Ermənilərin bu gün nə deməsindən asılı olmayaraq, Cənubi Qafqaza onların köçürülməsinə, yəni XIX əsrə qədər bu regionda ermənilərə aid bircə mülkün olması barədə bir məlumat belə yoxdur. Bugünkü reallıq erməni yalanlarını ifşa edərək, həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir."
Abidələrin kateqoriyalara bölünməsi və tədqiqatın nəticələri
“Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” adlanan III cilddə ilk dəfə 20 kateqoriya üzrə Qərbi Azərbaycanda azərbaycanlılara məxsus olan 21 pir, ocaq və ziyarətgah, 6 məscid, 12 qəbirüstü abidə, 7 qəbirüstü sənduqə abidə, 21 məbəd, 16 qala, 5 karvansara, 4 türbə, 2 günbəz, 2 sərdabə, 3 etnoqrafik-arxeoloji abidə, 10 qəbirüstü heykəl, 4 arxeoloji abidə, 2 körpü, 5 daşüstü kitabə, 2 mədrəsə, 2 dini məktəb, 2 məhəllə, 14 qayaüstü təsvir və qədim yaşayış məskənləri və 4 bazilikanı əhatə edən 144 dəyərli və mühüm abidə haqqında dolğun və ətraflı məlumat verilib.
Bunlardan 32 abidə dağıdılıb, 42 abidə xaraba qalıb, 70 abidə isə mənimsənilib. 144 abidənin tədqiq edilərək, müvafiq xüsusiyyətlərinə əsasən, təsnif olunduğu tədqiqat işində öz əksini tapan maddi-mədəni abidələrin hər birinin adı, tarixi, yerləşmə yeri (əvvəlki toponim, sonrakı toponim), təsnifatı, növü, təyinatı, əhəmiyyəti, mövcud vəziyyəti haqda informasiya əldə etmək və hər abidə haqqında qısa məlumatlarla tanış olmaq mümkündür.











