Pərakəndə ticarət şəbəkəsində əhalinin hər bir nəfəri 452 manatlıq məhsul alıb

Cari ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 9 milyard 241,2 milyon manatlıq, o cümlədən 5 milyard 66,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4 milyard 174,3 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Dövlət Statistika Komitəsindən 1news.az-a bildirilib ki, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 6,2 faiz artıb.
Yanvar-fevral aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50 faizi ərzaq məhsullarının, 4,8 faizi içkilər və tütün məmulatlarının, 15,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,5 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,8 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib.
2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə bu ilin eyni aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,6 faiz, fərdi sahibkarlar üzrə 1,7 faiz, bazar və yarmarkalarda isə 3,4 faiz artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 451,8 manatlıq, o cümlədən 247,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 204,1 manatlıq qeyri-ərzaq malları alıb.