ABŞ-dən İrana gecə əməliyyatı: 80-dən çox hədəf vuruldu
ABŞ Silahlı Qüvvələri iyulun 8-nə keçən gecə İrana qarşı genişmiqyaslı hava zərbələri endirib.
1news.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, əməliyyat İranın iyulun 7-də Hörmüz boğazından keçən üç ticarət gəmisinə hücumuna cavab olaraq həyata keçirilib.
Məlumata görə, ABŞ qüvvələri yüksək dəqiqlikli silahlarla İran ərazisində 80-dən çox hədəfə zərbə endirib.
Hədəflər arasında hava hücumundan müdafiə sistemləri, komanda-idarəetmə şəbəkələri, sahil radar stansiyaları, gəmi əleyhinə raket kompleksləri, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 600-dən çox sürətli kateri olub.
CENTCOM bildirib ki, əməliyyat İranın beynəlxalq dəniz ticarətinə qarşı hücum imkanlarını zəiflətmək məqsədi daşıyıb.












