Messinin qələbədən sonrakı göz yaşlarının səbəbi məlum oldu - VİDEO
2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Argentina 0:2 hesabı ilə geridə olduğu oyunda Misiri 3:2 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, qarşılaşmanın ilk hissəsində penaltidən yararlana bilməyən Lionel Messi ikinci hissədə komandasının ikinci qolunu vuraraq Argentinanın möhtəşəm geridönüşündə əsas pay sahiblərindən biri olub.
Oyundan sonra göz yaşlarını saxlaya bilməyən Argentina millisinin kapitanı emosiyalarının səbəbini açıqlayıb.
Messi bildirib ki, komanda yoldaşlarının fədakarlığı onun üçün xüsusi əhəmiyyət daşıyır:
"Mən komanda yoldaşlarım sayəsində meydandayam. Çünki kifayət qədər qaça bilmədiyim məqamlarda onlar daha çox əziyyət çəkir, boşluqları bağlayırlar. Üstəlik, bunu ürəkdən edirlər. Argentina mənim xoşbəxtliyimdir. Uzun müddətdir ailəmlə kifayət qədər vaxt keçirə bilmirdim. Cəmi bir neçə gün əvvəl qısa istirahət etmək imkanım oldu. Amma milli komandada birlikdə olmaq bizə böyük zövq verir. Bu komanda son səkkiz ildə mənə çox xoş anlar yaşadıb. Bizim yolumuz bu gün başa çata bilməzdi. Çünki hələ uğrunda mübarizə aparmalı olduğumuz çox şey var. Bunu hiss edirəm. Biz hər rəqibə qarşı sonadək mübarizə aparmaq üçün buradayıq. Əlimizdən gələni edəcəyik və heç vaxt təslim olmayacağıq".
Messi etiraf edib ki, qaçırdığı penalti ona psixoloji baxımdan ağır təsir edib:
"Bəli, oyundan sonra ağladım. Bütün hisslərimi sərbəst buraxdım. Çünki qaçırdığım penaltiyə görə özümə çox əsəbiləşmişdim. Ən vacib anda komandamı çətin vəziyyətdə qoyduğumu hiss edirdim. Onları məyus etdiyimi düşünürdüm. Özümə çox qəzəbli idim. Amma mübarizəni dayandırmadım. Tanrıya şükür ki, mənim üçün xüsusi bir taleyin hazırlandığını gördüm. Bərabərlik qolunu vurdum. Həmin an yaşadığımız sevinci sözlə ifadə etmək mümkün deyil".












