Gələcəyimiz olan uşaqları rəqəmsal təhlükələrdən qorumalıyıq - DEPUTAT
“Kiber təhlükəsizlik mövzusunda daha geniş yer verilməlidir və bu prosesə birbaşa həm cəmiyyətlər, həm məktəb müəllimləri, həm də valideynlər nəzarət eləməlidir ”.
1news.az xəbər verir ki, bu sözləri Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda keçirdiyi ictimai dinləmə zamanı səsləndirib.
Bildirilib ki, şagirdlər yalnız kompüterdən istifadə etməyi deyil, həm də məlumatın doğruluğunu yoxlamağı, şəxsi məlumatlarını qorumağı, sosial şəbəkələrdə etik davranmağı və internet risklərini tanımağı öyrənməlidirlər.
"Sosial şəbəkə platformaları süni intellektdən istifadə etməklə zərərli məzmunu daha operativ aşkarlanmamasını, uşaqlar üçün təhlükəsizlik funksiyalarının təkmilləşdirilməsini mütləq şəkildə təmin etməlidirlər. Texnologiya sürətlə dəyişir, lakin dəyişməyən bir məsələ var. Gələcəyimiz - genofondumuz olan uşaqların təhlükəsizliyi hər zaman cəmiyyətimizin ən yüksək prioritetlərindən biri olmalıdır. Rəqəmsal inkişaf insan rifahına xidmət etməli, süni intellekt isə etik prinsiplərə və xüsusilə uşaqların maraqlarına uyğun şəkildə inkişaf etdirilməlidir. Gələcəyimizi bugünkü uşaqlar formalaşdıracaqdır. Onlara təhlükəsizlik, sağlam və məsuliyyətli rəqəmsal mühit yaratmaq üçün hər birimiz bu vəzifəni yüksək səviyyədə yerinə yetirməliyik. Əgər biz texnologiyanın inkişafını düzgün istiqamətləndirə bilsək, süni intellekt və rəqəmsal inkişaf gələcək nəsillər üçün daha təhlükəsiz, daha sağlam, daha innovativ bir dünya qurmağa xidmət edəcəkdir".












