Hicran Hüseynova: Hər altı uşaqdan biri kiberzorakılığın qurbanına çevrilir | 1news.az | Xəbərlər
Siyasət

Hicran Hüseynova: Hər altı uşaqdan biri kiberzorakılığın qurbanına çevrilir

Ayşən Salehli15:42 - Bu gün
Hicran Hüseynova: Hər altı uşaqdan biri kiberzorakılığın qurbanına çevrilir

“ İnsanın hansı ölkədə yaşamasından asılı olmayaraq, sosial mediaya, onlayn oyunlara və digər rəqəmsal platformalardan istifadə etməsi müəyyən təhdidlərə rəvac verir ”.


1news.az xəbər verir ki, bu sözləri Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda keçirdiyi ictimai dinləmə zamanı səsləndirib.

"Məsələn, bu gün dünyada məktəb yaşlı hər altı uşaqdan biri kiberzorakılıqla qarşılaşır", - deyə o, fikirlərinə davam edib.
"Lakin bu rəqəmsal zorakılığın yalnız bir formasıdır. Kibertəcavüz, kibertrafik və insan hüquqlarının pozulmasının digər formaları onlayn rejimdə də mövcuddur.
​Onlayn bədxahlıq və yeni yetmələrin onlayn ünsiyyət vasitəsilə intihar halları da dünya miqyasında qeydə alınır. Buna görə də problem ümumilikdə bizi düşündürməlidir ki, biz bu istiqamətdə daha geniş və dərin olduğunu da dərk eləməliyik.

Və bu fonda bir çox ölkədə sosial mediada uşaqların təhlükəsizliyinə getdikcə daha çox diqqət yetirilir, qanunvericilik təkmilləşdirilir, yeni müdafiə mexanizmləri tətbiq olunur və hazırda rəqəmsal məkanda uşaqların təhlükəsizliyini təmin etməyə yönəlmiş bir çox beynəlxalq hüquqi çərçivə mövcuddur. Azərbaycan da bunların bir çoxuna qoşulub və əsasən də BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyası və Avropa Şurasının Kibercinayətkarlıq Haqqında Konvensiyası, o cümlədən, qüvvədədir.
​Bundan əlavə, BMT-nin Kibercinayətlərlə Mübarizə Haqqında Konvensiyası 2024-cü ilin dekabr ayında qəbul edilmişdir və Azərbaycan bu sənədi ratifikasiya edən ilk ölkələrdən biri idi. Uşaqların zərərli informasiyadan qorunması haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcləsində uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması halları ilə bağlı fiziki, vəzifəli və hüquqi şəxslərə cərimə sanksiyaları tətbiq edilir".

Paylaş:
56

Son xəbərlər

Bütün xəbərlər