Cəsarət Hüseynzadədən TƏKLİF: Uşaqların telefon istifadəsinə nəzarət üçün dövlət platforması yaradılsın
“ Biz qanunvericiliyə dəyişikliklər edirik, bu çox yaxşı haldır və zamanın tələbidir”.
1news.az xəbər verir ki, bu sözləri “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda keçirdiyi ictimai dinləmədə söyləyib.
"Hesab edirəm ki, imkanların idarə olunması ilə bağlı bizim müvafiq qurumlar tərəfindən resursların yaradılması da vacibdir. Xarici ölkələrdə də bu formatlar var ki, müəyyən telefonların idarə olunması valideynlər müəyyən proqramlar vasitəsilə uşaqlarına nəzarət edir: neçə saat olur, orada hansı saytlara girir. Bunun oxşar bir formatı bizim dövlət qurumu, məsələn, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yaradılıb pulsuz formada təqdim oluna bilər. Hesab edirəm ki, bu, ağıllı bir mexanizm ola bilər.
İkinci vacib məqam isə maarifləndirmədir. Bu mövzuda bir saatlıq TV debat təşkil edə bilərik, amma biz onun yerinə bir yarım dəqiqəlik sosial çarxlardan istifadə etməklə 120 dəfə daha çox insana mesaj çatdıra bilərik.
Xüsusən qeyd etmək istəyirəm ki, burda sosial çarxların hazırlanması və təqdim olunması vacibdir. Məni narahat edən bir məqam da ondan ibarətdir ki, hazırda "Reklam haqqında" qanunda sosial çarxlar terminologiyası var, amma çox təəssüf olsun ki, bunun realizasiyası ilə bağlı ciddi problemlər var. Hesab edirəm ki, QHT-lərin hazırladığı sosial çarxların xüsusən televiziya kanallarında efirə verilməsi ilə bağlı mexanizmlər işlənməlidir. Türkiyədə bununla bağlı xüsusi qurum var. Hazırlanan sosial çarxlar həmin qurumlara təqdim olunur və onlar müvafiq televiziyalar vasitəsilə qanunun tələbinə uyğun olaraq ödənişsiz formada bu çarxların verilməsini təmin edir".












