Ukrayna Aİ-yə inteqrasiya üzrə bütün danışıqlar fəsillərini açmağa hazırdır
Ukrayna Avropa İttifaqına (Aİ) üzvlük məsələsində qalan dörd danışıqlar klasterinin açılması üçün bütün şərtləri yerinə yetirib və bu proses mümkün qədər tez irəliləməlidir.
1news.az report-a istinadən xəbər verir ki, bu barədə Avropanın genişlənmə məsələləri üzrə komissarı Marta Kos Aİ–Ukrayna konfransının yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Konfrans çərçivəsində tərəflər 6-cı – "Xarici əlaqələr" klasterini açıblar.
"Növbəti addım mümkün qədər tez qalan dörd danışıqlar klasterinin açılması olmalıdır. Onların hamısı texniki cəhətdən hazırdır. Ukrayna bütün şərtləri yerinə yetirib", - Kos deyib.
Avropa komissarı həmçinin bildirib ki, Ukraynanın texniki hazırlığından əlavə, üzv dövlətlərin siyasi dəstəyi də lazımdır. Onun sözlərinə görə, Avropa Komissiyası Aİ liderlərinin oktyabrda keçiriləcək sammitdə bütün üzvlük meyarlarını yerinə yetirdikdən dərhal sonra yeni ölkələri ittifaqa qəbul etməyə hazır olduqlarını təsdiqləyəcəklərini gözləyir.
O vurğulayıb ki, Ukrayna artıq bu gün Avropanın təhlükəsizliyində ən mühüm rol oynayır və onun Rusiya təcavüzünə qarşı mübarizə aparmaq, həmçinin müasir hərbi texnologiyaları, xüsusən də pilotsuz uçuş aparatlarını inkişaf etdirmək təcrübəsi Avropanın gələcək müdafiə arxitekturasının bir hissəsi olmalıdır.
İrlandiyanın Avropa məsələləri üzrə naziri Tomas Birn bildirib ki, İrlandiya sədrliyi danışıqların indiki tempini qoruyub saxlamaq niyyətindədir və qalan klasterlərin açılması üçün üzv dövlətlər arasında konsensusun əldə olunması istiqamətində işi davam etdirəcək.
"Biz genişlənməni sədrliyimizin əsas uğurlarından birinə çevirmək əzmindəyik. Payızda mövcud dinamikanı qoruyub saxlamaq və Milad bayramına qədər mümkün olan maksimum irəliləyişə nail olmaq niyyətindəyik", - o deyib və Kiyevin müharibəyə baxmayaraq islahatları davam etdirdiyini qeyd edib.
Ukrayna Baş nazirinin müavini Taras Kaçka dördüncü hökumətlərarası konfransın yaxın vaxtlarda baş tutacağına ümid etdiyini bildirib, çünki onun sözlərinə görə, digər danışıqlar klasterləri artıq açılmağa hazırdır və Aİ ölkələri arasında prosesin daha da irəliləməsinə qarşı heç bir etiraz yoxdur.
Üzvlük müddəti ilə bağlı sualı cavablandıran zaman Kaçka Ukrayna 2027-ci ilin sonuna qədər Aİ-nin bütün lazımi qanunvericiliyini qəbul etmək və tətbiq etməyə başlamaq məqsədini qoruyacağını təsdiqləyib.












