MİQ üzrə 5 mindən çox namizəd müsahibə mərhələsinə keçib | 1news.az | Xəbərlər
Cəmiyyət

MİQ üzrə 5 mindən çox namizəd müsahibə mərhələsinə keçib

Qafar Ağayev12:15 - Bu gün
MİQ üzrə 5 mindən çox namizəd müsahibə mərhələsinə keçib

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı və vakansiya seçimi mərhələləri başa çatıb.

1news.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, test imtahanında ümumilikdə 32 175 namizəd iştirak edib. Onlardan 18 930 nəfər vakansiya seçimi mərhələsində iştirak hüququ qazanıb.

Vakansiya seçiminin ilk mərhələsi test imtahanında minimum keçid balını toplamış şəhid ailəsi üzvləri üçün keçirilib.

Daha sonra faktiki yaşayış yeri üzrə həvəsləndirmə tədbirləri tətbiq edilən ümumi təhsil müəssisələrinin vakant yerlərinə seçim turu keçirilib. Sözügedən seçim turunda 2 000-dən artıq namizəd uğur qazanıb.

MÜTDA-nın məlumatına görə, 2025-ci ildə bu göstərici 1 519 nəfər olub.

Növbəti mərhələdə ümumi vakansiya seçimi turu keçirilib. Bütün vakansiya seçimi turlarının yekununda 5 000-dən artıq namizəd müsabiqənin müsahibə mərhələsində iştirak hüququ əldə edib.

Müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müvafiq komissiya tərəfindən qiymətləndiriləcək.

Müsahibənin keçiriləcəyi tarix və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Namizədlər müsahibə mövzuları ilə MİQ-in rəsmi saytı vasitəsilə tanış ola bilərlər.

Müsahibə mərhələsində uğur qazanan namizədlər seçdikləri ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi əsasında çalışmaq imkanı əldə edəcəklər.

Paylaş:
42

Son xəbərlər

Bütün xəbərlər