Maduronun həbsdən sonra ilk fotosu paylaşılmışdı: Oğlu arxa planını açıqladı | 1news.az | Xəbərlər
Dünya

Maduronun həbsdən sonra ilk fotosu paylaşılmışdı: Oğlu arxa planını açıqladı

Qafar Ağayev10:06 - Bu gün
Maduronun həbsdən sonra ilk fotosu paylaşılmışdı: Oğlu arxa planını açıqladı

ABŞ-nin yanvarın 3-də keçirdiyi hərbi əməliyyat nəticəsində saxlanılan Venesuelanın keçmiş Prezidenti Nikolas Maduronun ilk fotoları avqustun 30-da yayımlanıb.

Maduronun oğlu Nikolas Maduro Gerra fotoların necə çəkildiyini və ailəsinə necə çatdırıldığını açıqlayıb.

1news.az xəbər verir ki, “Nicolasito” ləqəbli Maduro Gerra fotoların iyunun 25-də, Venesuelada baş verən iki güclü zəlzələdən bir gün sonra çəkildiyini bildirib.

Onun sözlərinə görə, foto çəkilən zaman Maduro televizor qarşısında olub və zəlzələlərin yaratdığı vəziyyəti yaxından izləyib. 7,2 və 7,5 maqnitudalı zəlzələlərdən sonra onun əhvalının çox pis olduğu bildirilib.

"Həmin gün atasına telefonla danışmağa icazə verilib və Maduro ailəsinə 4-5 dəfə zəng edərək vəziyyətlə, xüsusilə La-Quaira bölgəsindəki durumla maraqlanıb".

O, əlavə edib ki, atası foto çəkdirmək istəməyib. Lakin fotonu çəkən şəxs israr edib. Bundan sonra Maduro “Tanrının izni ilə, bir gün bu foto mənim yaxşı olduğumu, güclü dayandığımı və müqavimət göstərdiyimi göstərən bir mesaj verəcək” düşüncəsi ilə foto çəkdirməyə razılaşıb.

Foto ailəsinə necə çatıb?

Maduro Gerra fotoların ailəsinə çatdırılması barədə də danışıb.

O bildirib ki, fotoların çap olunmuş nüsxələri Maduronu saxlayan şəxslər tərəfindən ona verilib. Maduro isə fotoları iyulun 13-də poçt vasitəsilə göndərib. Fotolar avqustun 25-də ABŞ-dəki ünvana çatıb.

Nicolasito bildirib ki, ailə fotonu aldıqdan sonra onun ictimaiyyətə hansı formada təqdim edilməsini müzakirə edib. Onun sözlərinə görə, Maduro avqustun 28-də ailəsinə zəng edib və avqustun 30-da foto ilə birlikdə yayımlanan mesajı diktə edib.

Qeyd edək ki, Maduronun saxlanıldıqdan sonra ilk fotoları avqustun 30-da ictimaiyyətə təqdim olunub. Fotoların iyunun 25-də çəkildiyi bildirilib.

Nicolasito atasının və onun həyat yoldaşı Siliya Floresin azadlığa buraxılması üçün mübarizəni davam etdirəcəklərini bildirib. O, Tanrının izni ilə “gözəl xəbərlər” almağa ümid etdiyini deyib.

Venesuelada iyunun 24-də baş verən iki güclü zəlzələ nəticəsində 6 509 nəfərin öldüyü bildirilib.

Qeyd edək ki, yanvarın 3-də Venesuelanın paytaxtı Karakasda partlayış və təyyarə səsləri eşidilib. Venesuela hakimiyyəti ABŞ-ni ölkənin müxtəlif bölgələrində mülki və hərbi obyektlərə hücumlar həyata keçirməkdə ittiham edib.

ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduroya qarşı genişmiqyaslı hücum həyata keçirildiyini, Maduronun və həyat yoldaşının ölkədən çıxarıldığını açıqlayıb.

ABŞ-nin o zamankı Baş prokuroru Pam Bondi Maduro və Siliya Flores barəsində ABŞ-də cinayət işi açıldığını bildirib. O, Maduroya qarşı narkoterrorçuluq, kokain qaçaqmalçılığı, ABŞ-yə qarşı pulemyot və dağıdıcı qurğulara malik olmaq kimi ittihamların irəli sürüldüyünü açıqlayıb.

Paylaş:
54

Son xəbərlər

Bütün xəbərlər