1news.az

Azərbaycanın İtaliyadakı səfiri: Əməkdaşlarımız hətta Səfirliklə əlaqə saxlamadan aeroporta getmiş vətəndaşlarımıza da yardım göstəriblər

22 Mart saat 12:29 ~ 9 dəqiqəlik oxu 354
Azərbaycanın İtaliyadakı səfiri: Əməkdaşlarımız hətta Səfirliklə əlaqə saxlamadan aeroporta getmiş vətəndaşlarımıza da yardım göstəriblər

Koronavirus pandemiyası bütün dünya əhalisinin cansağlığına ciddi təhlükə yaratdığı kimi, həmçinin insanların hərəkətində məhdudiyyətlərə də səbəb olub.

Azərbaycan bu vəziyyətdə də istisna deyil və buna görə də tətbiq olunan məhdudiyyətlər səbəbindən vətənə geri dönə bilməyən vətəndaşlarının problemlərini həll etmək üçün təcili tədbirlər görüb.

Bir çox ölkələrlə hava səyahətinin müvəqqəti dayandırılması qərarı ilə əlaqədar olaraq, Azərbaycan Milli Aviadaşıyıcısı – AZAL vətəndaşlarımızı xarici ölkələrdən geri qaytarmaq üçün çarter reysləri təşkil edib. Beləliklə, AZAL bu günədək 9 000-dən çox Azərbaycan vətəndaşının geri qayıtmasını təmin edib

İtaliyadan da birbaşa çarter reyslər təşkil edilərək, vətəndaşlarımız təxliyə edilib.  Martın 17-də ilk olaraq AZAL-ın Roma-Bakı çarter reysi vasitəsilə 161 Azərbaycan vətəndaşı ölkəyə qayıdıb.

Vəziyyəti aydınlaşdırmaq üçün Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ilə əlaqə saxlayaraq ölkədəki soydaşlarımızın taleyi, təxliyə ilə əlaqədar vəziyyət və səfirliyin vətəndaşlarla bağlı apardığı iş barəsində söhbət etdik:

- Səfirlik karantin səbəbindən mövcud olan mürəkkəb vəziyyətdə İtaliyanın müxtəlif regionlarından tələblərimizi bir yerə toplayaraq onların vətənə göndərilməsi kimi genişmiqyaslı işin öhdəsindən necə gələ bildi?

- İlk növbədə qeyd etmək istərdim ki, İtaliyada koronavirus epidemiyasının geniş yayılmasından irəli gələn məlum çətinliklərin və məhdudiyyətlərin olduğu bir şəraitdə İtaliyadan Azərbaycana qayıtmaq üçün müraciət etmiş vətəndaşlarımızın ən yüksək tibbi təhlükəsizlik qaydalarına əməl edilməklə xüsusi çarter reysi ilə Bakıya göndərilməsinin təşkili dövlətimizin harada olmasından asılı olmayaraq öz vətəndaşlarının yanında olmasının və onlara daim qayğı və diqqət göstərməsinin bariz nümunəsidir.

Fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya İtaliyada yaşayan soydaşlarımıza göstərdikləri yüksək diqqət və qayğıya görə dərin təşəkkürümü və ən yüksək ehtiramımı bildirirəm. Habelə bu günlər ərzində mürəkkəb iş şəraitində Səfirliyin fəaliyyətinə dəstək olan səlahiyyətli dövlət qurumlarımızın rəhbər və işçi heyətinə də təşəkkür edirəm.

Bu işin təşkilinə gəldikdə isə bildirmək istərdim ki, İtaliyada epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar vətəndaşlarımızın İtaliyadan Azərbaycana qayıtmaqla bağlı müraciətlərinin artmasından irəli gələrək məsələ rəhbərliyə məruzə edilmiş və rəhbərliyin tapşırğı əsasında 11 mart tarixində Səfirliyin rəsmi internet səhifəsi və sosial şəbəkə hesablarında müvafiq elan yerləşdirilərək Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızdan Səfirliyin rəsmi elektron poçt ünvanına öz ümumvətəndaş pasportlarının, viza və ya İtaliyada yaşama icazəsini təsdiq edən sənədlərinin surətlərini və əlaqə məlumatlarını (telefon, e-mail və yaşadığı ünvan) təqdim etmələri xahiş olunmuşdur. Elanın ardınca ölkəmizə qayıtmaq istəyən 200 nəfərə yaxın vətəndaşımız Səfirliyə özləri haqqında aidiyyəti məlumatları göndərmiş və Səfirlik həmin vətəndaşların siyahısını tərtib edərək AR Xarici İşlər Nazirliyinə təqdim etmişdir.

- 100-dən çox tələbələrimiz artıq Romadan vətənə göndərilib. Bu iş necə təşkil olundu?

- 16 mart tarixində gecə saatlarında rəhbərliyin vətəndaşlarımızın İtaliyadan vətənə qaytarılmasının 17 mart tarixində axşam saatlarında Romadan Bakıya xüsusi çarter reysi ilə həyata keçiriləcəyi barədə müvafiq qərarı Səfirliyə daxil oluqdan dərhal sonra müvafiq işin təşkili üçün Səfirliyin bütün əməkdaşları səfərbər olunmuşlar. Roma şəhəri, eləcə də müraciətlər daxil olmuş İtaliyanın digər hər bir regionu üzrə işin təşkilinə Səfirliyin bir əməkdaşı təhkim olunmuş və əməkdaşlarımız müraciət etmiş vətəndaşlarımızın hər biri ilə həmin gecədən başlayaraq səhər saatlarına qədər fərdi qaydada əlaqə saxlayaraq vətəndaşlarımıza vətənə göndərilmə şərtləri, səyahət boyu tibbi təhlükəsizlik qaydaları, eləcə də Azərbaycanda tətbiq olunacaq karantin şərtləri barədə məlumat vermişlər. Bu barədə Səfirliyin rəsmi internet səhifəsi və sosial şəbəkə hesablarında müvafiq elan da yerləşdirilmiş və bütün vətəndaşlarımıza müraciət edilərək təcili olaraq Səfirliklə əlaqə saxlamaqları xahiş edilmişdir.

Bu tədbirlər nəticəsində həm Romada, həm də İtaliyanın digər şəhərlərində yaşayan və ölkəmizə qayıtmaq istəyini bir daha təsdiq etmiş AR vətəndaşlarının ümumi sayı dəqiqləşdirilmişdir. Qeyd etdiyim kimi Səfirliyin ilk elanından sonra 200 nəfərə yaxın AR vətəndaşı vətənə dönməklə bağlı Səfirliyə müraciət etsələr də, son məqamda onların bir hissəsi müxtəlif səbəblərdən İtaliyada qalmağa üstünlük verdiklərini bildirmişlər. Vətənə dönməyə razılıq vermiş Milan, Venesiya, Turin, Bolonya, Florensiya, Siena, Rimini, Ravenna, Piza, Messina və digər şəhərlərdən olan 87 nəfər vətəndaşımız üçün aidiyyəti şəhərlərdən Romaya gəlmək üçün həmin gecə ərzində qatar biletləri alınmış, hər bir vətəndaşımız üçün İtaliyada mövcud karantin vəziyyətindən irəli gələrək hazırda tələb olunan ölkədaxili hərəkətə icazə verən sənədlər hazırlanmışdır.

Səfirlikdə xüsusi olaraq yaradılmış “qaynar xətt” vasitəsilə vətəndaşlar ilə mütəmadi əlaqə saxlanılaraq onların sualları cavablandırılmış, başqa şəhərlərdən Roma şəhərinə vətəndaşlarımızın gətirilməsi təmin edilmiş və Roma hava limanına müxtəlif səbəblərdən gecikən vətəndaşların qatar stansiyasından təcili olaraq hava limanına gətirilməsinə də yardım göstərilmişdir. Bundan əlavə, qayıtmaq üçün əvvəl müraciət etməmiş və Səfirliyin son elanını gördükdən sonra bizimlə əlaqə saxlayaraq Azərbaycana qayıtmaq istədiyini bildirmiş vətəndaşlarımızın da adları siyahıya daxil edilmişdir.

Nəticədə, 17 mart tarixində axşam saatlarına qədər İtaliyadan Azərbaycana qayıtmaq istəyi ilə Səfirliyə müraciət etmiş bütün vətəndaşlarımızın məmnunluğu tam təmin olunmuş və onların hamısı, yəni 161 nəfər vətəndaşımız 17 mart tarixində Roma şəhərindən Bakı şəhərinə təşkil olunmuş birbaşa çarter reysi ilə ən yüksək tibbi təhlükəsizlik qaydalarına əməl edilməklə vətənə göndərilmişlər.

Səfirliyin əməkdaşları hətta müvafiq reysdən xəbər tutaraq Səfirliklə əlaqə saxlamadan hava limanına gəlmiş vətəndaşlarımızın belə təyyarəyə buraxılmasına yardım göstərmişlər. Bütün bu proses rəhbərliyin nəzarəti altında, Azərbaycanın və İtaliyanın müvafiq dövlət qurumları ilə sıx əlaqələndirmə şəklində həyata keçirilmişdir.

- Bu mürəkkəb vəziyyətdə İtaliyadakı soydaşlarımızla iş ilə bağlı Səfirliyin planları nədən ibarətdir?

- İtaliyada epidemioloji vəziyyət ilə əlaqədar olaraq, Səfirlik hazırda bu ölkədəki vətəndaşlarımız ilə bağlı məsələləri xüsusi diqqətdə saxlayır. Vətəndaşlarımızın Səfirliklə daimi və operativ olaraq əlaqə saxlaya bilmələrini təmin etmək məqsədilə qeyd etdiyim kimi “qaynar xətt” (24 saat açıq olan mobil nömrə +39 349 8155582) yaradılmışdır. İtaliyada hökumətin 3 aprel tarixinədək bütün ölkədə karantin rejimi tətbiq etdiyini nəzərə alaraq, ehtiyat tədbirlərinin tərkib hissəsi kimi Səfirliyin konsulluq şöbəsində qəbul günləri də 3 aprel tarixinədək təxirə salınmışdır. Bununla belə, müraciətlər telefon, qaynar xətt və elektron poçt ünvanı vasitəsilə qəbul edilir, operativ olaraq cavablandırılır, habelə vətəndaşlarımıza mövcud vəziyyət ilə bağlı İtaliya hökumətinin tətbiq etdiyi qayda və məhdudiyyətlər barədə rəsmi məlumatlar təqdim olunur və müvafiq tövsiyələr verilir.

- Səfirlik özü koronavirusdan necə qorunur?

- Səfirliyimiz AR XİN-in müvafiq təlimatı əsasında xüsusi rejimdə çalışır. Bu təlimata, həmçinin İtaliya XİN-in ölkədəki diplomatik nümayəndəliklərin “smart working” rejimində (yəni, ev şəraitində çalışma) işləmələri üçün tövsiyəsinə uyğun olaraq, Səfirlik əməkdaşların növbəlilik əsasında fəaliyyətini davam etdirir. Səfirlik əməkdaşları və onların ailə üzvləri müvafiq tibbi təhlükəsizlik ləvazimatları ilə təmin olunmuşlar, koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə İtaliya hökumətinin tövsiyələrinə, gördüyü tədbirlərə, xüsusilə də karantin rejiminə ciddi riayət edirlər.

İtaliyada mövcud şərtlər altında ölkə rəhbərliyi tərəfindən qarşımıza qoyulan vəzifələrin yerinə yetirilməsi hər birimiz üçün böyük şərəfdir. Eyni zamanda, bu şərtlər altında çalışmaq yeni peşəkar qabiliyyətlər əldə etmək nöqteyi-nəzərdən də maraqlıdır. Səfirliyimizin əməkdaşları və onların ailə üzvləri toplam olaraq 28 nəfərdən ibarətdir ki, onların da 10-u uşaqlardır. Əlbəttə ki, diplomatlar mənsub olduqları peşəyə görə fərqli mühitlərə tez uyğunlaşan, gün ərzində çoxsaylı şəxslərlə təmasda olan insanlardır. İtaliyada mövcud şəraitdə yaşamaq Səfirliyimizin bütün əməkdaşları və onların ailə üzvləri üçün tam fərqli, yeni bir həyat təcrübəsidir.

Uzun müddət ətraf mühitdən təcrid olunmuş şəraitində  yaşamaq çətin olsa da, söhbət hər birimizin, ailə üzvlərimizin, ümumilikdə cəmiyyətin sağlamlığı və təhlükəsizliyindən gedirsə hazırkı şərtlərə əməl etmək hər birimizin borcudur. Fürsətdən istifadə edərək, bütün digər məsələlərdə olduğu kimi vətəndaşlarımızın vətənə göndərilməsinin təşkili məsələsində də göstərdikləri yüksək peşəkarlığa, həssaslığa və insani dəyərlərə görə Səfirliyimizin kollektivinin bütün üzvlərinə, eləcə də bu çətin günlərdə nümayiş etdirdikləri əzmkarlığa görə əməkdaşlarımızın bütün ailə üzvlərinə təşəkkür edirəm.

Habelə Azərbaycana təxliyə olunmuş, hazırda karantində olan vətəndaşlarımıza bu günlər Səfirliyə etdikləri təşəkkürlərə görə də çox sağ ol deyir, onlara tezliklə karantin şərtlərinə tam riayət edib öz ailələrinə qovuşmaqlarını diləyirəm. Eyni zamanda, hazırda bizimlə İtaliyada olan soydaşlarımıza da İtaliya hökumətinin mövcud vəziyyətlə bağlı tətbiq etdiyi qaydalara tam riayət etməyi, eləcə də Səfirlik tərəfindən verilən rəsmi məlumatları rəhbər tutmağı və kənar fərdi şəxslər tərəfindən irəli sürülən iddialara və şərhlərə məhəl qoymamağı tövsiyə edirəm.

Prezident İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

AZAL bu günədək 9 000-dən çox Azərbaycan vətəndaşının geri qayıtmasını təmin edib – FOTO

Azərbaycanın İstanbuldakı baş konsulu: Demək olar ki, bütün konsulluq əməkdaşları mənimlə birlikdə aeroportdadırlar

Azərbaycanın Macarıstandakı səfiri: Vətəndaşlarımızın ölkəyə qayıtmaları üçün hər cür səy göstərilir

Azərbaycan İtaliyadan vətəndaşlarını təxliyyə edib – FOTO – VİDEO

AZAL bu günədək 1743 Azərbaycan vətəndaşının geri qayıtmasını təmin edib

S.Xankişiyeva

 

 

 

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Müsahibə BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net