Ceyms Cefferi : Ruslar İŞİD-i deyil, Əsəd rejiminə qarşı savaşan türkmənləri bombalayır

"Doğrusu, birinin Putinə həddini bildirməsindən məmnun oldum. Müttəfiqi Suriya tələb etdiyindən Putin son dərəcə həssas olan sərhəd bölgəsinə həmlə edir".
1news.az “Report”a istinadən xəbər verir ki, bunu ABŞ-ın Türkiyədəki keçmiş səfiri (2008-2010-cu illərdə), Corc Buşun prezidentliyi dövründə milli təhlükəsizlik üzrə müşavirlik etmiş Ceyms Cefferi "Fox Business" telekanalına müsahibəsində deyib.
Rusiyanın döyüş təyyarəsinin Türkiyə sərhədini pozmasını Moskvanın təkzib etməsindən danışan səfir deyib: "Ruslar İŞİD-i deyil, Əsəd rejiminə qarşı savaşan türkmənləri bombalayır. Təyyarənin vurulduğu yerin yaxınlığında İŞİD-in heç bir mövqeyi yoxdur.
Rusiya üçün İŞİD bir bəhanədir. O, indi İran və "Hizbullah"la əlbir olub, bölgədəki nüfuzunu artırmaq istəyir. Bunun üçün də onun İŞİD-ə ehtiyacı var. Rusiyanın İŞİD-i məhv etmək niyyəti yoxdur. Rusların Orta Şərqə zorla girməsi son dərəcə təhlükəli olmaqla yanaşı, həm strateji, həm də taktik baxımdan qaydaları dəyişdirən bir həmlədir".
1news.az