"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" 2015-ci ilin yekunlarına nəzər saldı- FOTO
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə korporativ tədbir keçirib.
1news.az-a Bakı Dəniz Limanın mətbuat xidmətindən verilən məlumata görə, Bakı Dəniz Vağzalında baş tutan tədbiri Cəmiyyətin Baş direktoru Taleh Ziyadov açaraq, Limanın əməkdaşları və qonaqları qarşıdan gələn Yeni il və həmrəylik günü münasibəti ilə təbrik edib. Başa çatmaqda olan ilin Bakı Limanı üçün əhəmiyyəti və görülən işlər barədə məlumat verən Baş direktor 2015-ci ilin bir sıra hadisələrə görə yaddaqalan olduğunu qeyd edib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli, 1121 nömrəli Sərəncamı ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti yaradılmış və bununla da limanın hüquqi-təşkilati forması müəyyən olunub.
Bununla yanaşı, beynəlxalq əməkdaşlığın qurulması istiqamətində bir sıra əməli addımlar atılıb, Anverpen, Aktau, Batumi və.s kimi bir sıra qabaqcıl limanlarla qarşılıqlı əməkdaşlıq haqqında memorandumlar imzalanıb. Əlavə olaraq, Antverpen, Dubay ve Sinqapur limanlarlarının təcrübələri yaxından öyrənilib və sinqapurlu mütəxəssislər Bakı Limanında işə dəvət olunublar.
Qeyd edək ki, 2015-ci ildə həm də Ələt qəsəbəsində yaradılması planlaşdırılan xüsusi iqtisadi zonanın konseptual baş planı da hazırlanıb.
Daha bir mühüm hadisə isə 3 avqust tarixində Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə ilk dəfə olaraq Çin Xalq Respublikasından sınaq konteyner qatarının Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinə gəlməsi olub. İkinci belə qatar isə dekabr ayında eyni xətt üzrə Bakı limanına gəlib.
Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna yüklərin cəlb olunması üçün İstanbul, ÇXR, Kiyev və Klaypedada keçirilən “Road Show”-larda Cəmiyyət yüksək səviyyədə təmsil olunub.
Cəmiyyətin yeni “Limançı” həmkarlar təşkilatı yaradılmış, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin rəsmi loqosu təsdiq edilib.
Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə yaradılmış Tranzit Yüklərinin Aşırılması üzrə Koordinasiya Şurasının bir üzvü də Cəmiyyə olub.
2015-ci ilin uğurları haqqında məlumat verildikdən sonra Limanın 22 əməkdaşı göstərdikləri nümunəvi iş və Bakı Limanına verdikləri töhfələrə görə mükafatlandırılıblar.
Daha sonra tədbir milli rəqslər və musiqi ilə davam edib.