AZAL aşağı büdcəli aviareyslərə endirim edib
“Azərbaycan Hava Yolları” QSC bir sıra beynəlxalq reyslərə olan biletlərin qiymətini aşağı salıb.
Sözügedən qurumdan 1news.az-a verilən məlumata görə, Moskva (“Vnukovo” hava limanı), Dubay (“Əl-Məktum” hava limanı) İstanbul (“Sabiha Gökçən” hava limanı) və Antalyaya aşağı büdcəli reyslərə aviabiletlərin qiyməti endirilib.
2016-ci il yanvarın 5-dən etibarən yuxarıda göstərilən istiqamətlərə aviabiletlərin qiyməti Bakıdan uçmaqla cəmi 89 avro təşkil edəcək.
Həmçinin, yanvarın 5-dən etibarən bütün beynəlxalq istiqamətlər üzrə reyslər, o cümlədən sözügedən aşağı büdcəli reyslər Heydər Əliyev Beynəlxalq Hava Limanının birinci terminalından yerinə yetiriləcək.
Aviaşirkət avroya nisbətdə milli valyutanın məzənnəsinin dəyişməsi ilə əlaqədar qiymətlərə yenidən baxılmasını davam etdirir. Bundan öncə şirkət Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıe Vodı, İstanbul, Ankara, Antalya, Təl-Əviv, Tehran, Dubay, Aktau, Kiyev, Lvov, Minsk, Tbilisi və s. kimi şəhərlərə aviabilet qiymətlərə yenidən baxılacağını elan etmişdi.
“Aşağı tarifli uçuşların siyahısı bundan sonra da genişlənəcək. Bu yaxınlarda Bakı-Moskva (Domodedovo hava limanı) reysinə yeni aşağı büdcəli Promo tarifini tətbiq edilib ki, bu tarifə baqaj daxil edilməyib.
Həmçinin, növbəti yay mövsümündə Alanya kurort şəhərinə yeni aşağı tarifli reysin açılması planlaşdırılır. Gələn il “Azərbaycan Hava Yolları” bir çox istiqamətlər üzrə aşağı büdcəli tariflərin siyahısını genişləndirməyi davam etdirəcək”- deyə AZAL QSC-nin vitse-prezidenti Eldar Hacıyev deyib.
1news.az