Bəhreyn də İranla diplomatik əlaqələri dayandırdı
Səudiyyə Ərəbistanının ardınca Bəhreyn Krallığı da İranla diplomatik əlaqələrin dayandırılması barədə qərar qəbul edib.
1news.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Bəhreyn İran diplomatlarına ölkə ərazisini tərk etmək üçün 48 saat vaxt verib. Eyni zamanda Bəhreynin İrandakı diplomatik nümayəndələrinə də ölkəni tərk etmək tapşırığı verilib.
Krallıq rəsmiləri belə bir addımı İranın Fars körfəzi ölkələrinin, o cümlədən Bəhreynin daxili işlərinə müdaxilə etməsi, eləcə də Səudiyyə ərəbistanının İrandakı səfirliyinə və konsulluğuna hücumların edilməsi ilə əsaslandırıblar.
Qeyd edək ki, bundan öncə Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib. Tehranla Ər-Riyad arasındakı münasibətlərin gərginləşməsinə səbəb şiə din xadimi, vaiz Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam edilməsi olub.
1news.az