“Bazarstore”-da bağlanma ilə əlaqədar yayılmış xəbərə aydınlıq gətirilib
“Bazarstore”-un mərkəzi ofisində supermarketlər şəbəkəsinin bağlanması ilə bağlı yayılan xəbərə aydınlıq gətirilib.
1news.az-a “Bazarstore”-un maketinq üzrə meneceri Günay Novruzqızı məlumat verib ki, yayılan xəbərlər heç bir həqiqətə uyğun deyil.
“Bu, heç bir mənbəyə istinad etmədən yayılan yanlış məlumatdır”, - deyə G.Novruzqızı bildirib.
Bir neçə gün əvvəl bir sıra KİV-lər ticarət mərkəzinə istinad edərək xəbər yaymışdı ki, “Bazarstore” supermarketlər şəbəkəsi fəaliyyətini dayandırır. Bundan əlavə, deyilirdi ki, “Bazarstore”-un adı dəyişdirilərək “Azərbaycan market” olacaq.
Qeyd edək ki, “Bazarstore” supermarketlər şəbəkəsi “Azersun Holding” şirkətinə aiddir. Məsələ ilə bağlı holdinq rəhbərliyi ilə əlaqə saxlamaq isə mümkün olmadı.
Onu da bildirək ki, “Bazarstore” supermarketlər şəbəkəsi 2011-ci ildən fəaliyyətə başlayıb. Hazırda Bakıda bu şəbəkəyə daxil olan 9 mağaza fəaliyyət göstərir.
1news.az