Azərbaycan dərman istehsal edəcək
Yaxın vaxtlarda Azərbaycanda dərman istehsal edən müəssisələrin yaradılması üçün danışıqlara başlanacaq.
1news.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib.
Baş nazirin müavini qeyd edib ki, uzun müddət Azərbaycanda dərman istehsalı praktikası, bu sahənin mütəxəssisləri olmayıb. Buna görə də yeganə çıxış yolu korporasiya əsasında xarici ölkələrin ciddi dərman firmaları ilə əlaqələr quraraq müəssisə yaratmaqdır.
“İlkin mərhələdə Azərbaycanda korporasiya əsasında yaxşı imici olan, keyfiyyətli dərman buraxan müəssisələrlə birlikdə dərman istehsalı müəssisələri yaradılacaq.
Gələcəkdə Azərbaycanın özünün də tədricən dərman istehsalı üzrə praktikası formalaşacaq”, - Ə.Əhmədov bildirib.
Ə.Əhmədov sözlərinə əlavə edib ki, Prezidentin birbaşa tapşırığı ilə, onun özünün nəzarəti altında praktika tətbiq edilib, dərmanların qiymətləri dövlət tərəfindən tənzimlənir. Dərmanların qiymətlərinin bu və ya digər formada tənzimlənməsi praktikası, demək olar, əksər dövlətlərdə, o cümlədən Avropa ölkələrinin əksəriyyətində tətbiq olunur. Dərman elə bir məhsuldur ki, onun qiyməti dövlət tərəfindən, yaxud hansısa formada tənzimlənməlidir.
1news.az