AMEA ilə Çin İctimai Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb – FOTO
Mayın 26-da AMEA Rəyasət Heyətində Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) vitse-prezidenti Tsay Fanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
1news.az-ın məlumatına görə, öncə AMEA-nın prezidenti, akademik Akif Əlizadə qonaqları salamlayaraq, respublikada elmin inkişafı naminə aparılan islahatlardan danışıb. Bildirib ki, AMEA-da son zamanlar elmin prioritet istiqamətlərində araşdırmalar daha geniş vüsət alıb. İki ölkə arasında müxtəlif sahələrdə mövcud əməkdaşlıqdan söz açan alim bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Akademik Akif Əlizadə AMEA-nın İctimai Elmlər Bölməsinin ÇİEA-nın müvafiq qurumları ilə birgə maraqlı layihələr həyata keçirəcəyinə və mühüm elmi nəticələrin əldə olunacağına əminliyini ifadə edib.
Bu yaxınlarda Moskvada səfərdə olduğunu və Rusiya Fundamental Tədqiqatlar Fondu ilə əməkdaşlıq müqaviləsinin imzalandığını söyləyən akademik A.Əlizadə ÇİEA-nı bu əməkdaşlıqda iştirak etməyə dəvət edib.
Sonra qonaq Tsay Fan çıxış edərək səmimi qəbula görə AMEA-nın prezidentinə təşəkkürünü bildirib. Qeyd edib ki, Çin hökuməti ictimai elmlər sahəsinin inkişafına hər zaman böyük diqqət göstərib. AMEA-da da bu sahədə aparılan araşdırmaları yüksək qiymətləndirən qonaq təmsil etdiyi elm ocağı ilə AMEA arasında əlaqələrin qurulmasında maraqlı olduğunu diqqətə çatdırıb. O, əməkdaşlıq çərçivəsində müvafiq elm sahələrində birgə layihələrin həyata keçirilməsi, seminar və konfransların təşkili, kadr və təcrübə mübadiləsinin aparılmasının zərurliyini önə çəkib.
Görüşdə, həmçinin AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək iki ölkənin elmi qurumları arasında tarix, ədəbiyyat, iqtisadiyyat, mədəniyyət sahələrində əməkdaşlıq perspektivlərindən danışıb. Qeyd edib ki, hər iki ölkə alimləri ictimai elmlər sahəsində bilik və təcrübə mübadiləsinin aparılmasında fəal iştirak etməlidirlər.
Sonda ÇİEA ilə AMEA arasında elmi əlaqələrin möhkəmləndirilməsi və ardıcıl birgə fəaliyyətin təşkili məqsədilə əməkdaşıq müqaviləsi imzalanıb.
1news.az