Kaliforniyanın bəzi şəhərlərində “Azərbaycan Milli Günü” elan edilib - FOTO
ABŞ-ın Kaliforniya ştatının bəzi vilayət və şəhərlərində 28 may “Azərbaycan Milli Günü” elan edilib. Bununla bağlı müvafiq bəyannamələr Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna təqdim olunub.
1news.az Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna istinadən xəbər verir ki, Qərbi Hollivud, Santa Monika və Torrens şəhərlərinin tərəfindən müvafiq sənədlər qəbul edilərək, sözügedən şəhərlərdə 28 may “Azərbaycan Milli Günü” elan edilib. Həmçinin, Orinc Vilayəti Nəzarətçilər Şurası da 28 may tarixini bütün vilayət ərazisində “Azərbaycan Milli Günü” elan edərək, bütün sakinləri bu günü qeyd etməyə çağırıb.
Sənədlərdə bildirilir ki. Azərbaycan xalqı 1918-ci ilin 28 may tarixində öz müstəqilliyini elan edərək, müsəlman dünyasında ilk demokratik və dünyəvi respublika təsis edib, qadınlara nəinki müsəlman dünyasında, eləcə də ABŞ-dan öncə səsvermə hüquq verib.
Həmçinin, 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Azərbaycanın öz müstəqilliyini və suverenliyini möhkəmləndirdiyi vurğulanaraq, hər il ABŞ da daxil olmaqla, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının 28 may tarixini Milli Gün olaraq qeyd etdiyi bildirilir. Bəyannamələrdə, eyni zamanda, önəmli Xəzər bölgəsində yerləşən Azərbaycanın ABŞ-ın strateji tərəfdaşı olduğu vurğulanır.
1news.az