Braziliyada “sarı qızdırma” qurbanlarının sayı 46 nəfərə çatıb
Braziliya Səhiyyə Nazirliyinin məlumatına əsasən, ölkədə “sarı qızdırma” xəstəliyinin yayılması nəticəsində həyatını itirənlərin sayı 46 nəfərə çatıb.
113 şübhəli ölüm halından 46-da “sarı qızdırma” xəstəliyi təsdiqlənib, 64 cəsədin ekspertizası isə davam edir. Ümumilikdə Braziliyada 568 şübhəli xəstəlik halı qeydə alınıb, 107 nəfərin “sarı qızdırmaya” tutulduğu, digər halların isə araşdırıldığı bildirilir.
Bir çox hallarda ölümlə nəticələnən “sarı qızdırma” kəskin virus xəstəliyidir. O, əsasən tropik və subtropik ölkələrdə ağcaqanadlar vasitəsi ilə yayılır. Xəstəlik yüksək hərarət, ümumi vəziyyətin ağırlaşması, ağız nahiyəsində, mədə və bağırsaqda qanaxma, qaraciyər və böyrəklərin zədələnməsi ilə müşayiət olunur.
Gazeta.ru