Pakistan jurnalında Bakıda keçiriləcək İslam Oyunları ilə bağlı məqalə dərc olunub – FOTO
Pakistanın “Pakistan in the World” jurnalında və eyni zamanda internet səhifəsində “İslam Həmrəyliyi Oyunları – Bakı 2017” sərlövhəli məqalə dərc edilib.
1news.az-ın məlumatına görə, məqalədə, 4-cü İslam Həmrəyliyi Oyunlarına 25 gün qalmış Oyunların təşkilatçıları ilə “İçərişəhər” Qoruğu İdarəsinin birgə təşkil etdiyi fləşmobla bağlı məlumat verilir və 200-ə yaxın könüllünün iştirak etdiyi bu aksiyanın məqsədinin Oyunlarla bağlı ictimai ab-havanı gücləndirmək olduğu qeyd olunur.
Təşkilatçıların da dediyi kimi, fləşmobun İçərişəhərdə keçirilməsi təsadüf deyil. Bakının məhz bu ecazkar guşəsi Azərbaycanın memarlıq və mədəni incilərindəndir və bu vasitə ilə Azərbaycanın şərq ruhu xarici qonaqların diqqətinə çatdırılmaq istənmişdir.
Müəllif bildirir ki, Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin (AİSGOC) və İslam Həmrəyliyi İdman Federasiyasının (İSSF) verdiyi məlumata görə, 12-22 may tarixləri arasında keçiriləcək Oyunlarda Federasiyaya üzv 57 ölkənin hər birindən idmançılar iştirak edəcək.
“İslam Həmrəyliyi Oyunları birlik və həmrəylik ruhunda keçiriləcək çoxmillətli, multikultural idman oyunlarıdır. Biz inanırıq ki, İslam dünyasının müxtəlif bölgələrindən olan idmançıların bir araya gətirilməsi müsəlman ölkələrinin gəncləri arasında dostluq və qarşılıqlı anlayış mühitinin formalaşmasına öz töhfəsini verəcək”, deyə İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Feysəl Əbdüləziz əl-Nəssardan sitat da gətirilib.
Məqalədə qeyd olunur ki, ilk dəfə İslam Həmrəyliyi Oyunları 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. Bu il Bakıda keçiriləcək Oyunlar isə artıq sayca dördüncüdür. Bu ilki Oyunların əsas dəyərləri – birlik, sülh, hörmət və mükəmməllikdir.
Babək Cahandarov