Dövlət Miqrasiya Xidmətinin rəisi Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb.
Xidmətdən 1news.az-a verilən məlumata görə, görüşdə miqrasiya qanunvericiliyi, həmçinin miqrasiya ilə bağlı qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Xidmət rəisi Azərbaycan və Türkiyə xalqları və dövlətləri arasında tarix boyu formalaşmış qardaşlıq münasibətlərindən söhbət açıb, əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolunda prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən həyata keçirilən siyasətin bir nümunə olduğunu söyləyib.
F.Nəbiyev bütün sahələrdə olduğu kimi miqrasiya sahəsində də Türkiyə ilə Azərbaycan arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyib.
Görüşdə Türkiyədən olan iş adamlarına ölkəmizdə yaradılmış şəraitdən məmnunluq ifadə olunub.
Səfir Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərindən danışıb, bu əlaqələrin sağlam və davamlı inkişafından bəhs edib. İki ölkə arasında əlaqələrin, o cümlədən miqrasiya sahəsində ölkəsinin müvafiq qurumları ilə ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.
1news.az