Jalə Əliyeva: İki lider-Əliyevlə Ərdoğan daha bir Tarix yazdı, daha bir Qardaşlıq və Dostluq nümunəsi ortaya qoydu
Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan.
İki dövlət, tək millət. Tək ürək, tək yumruq, tək millət.Sevincimiz də eyni, kədərimiz də eyni. Uğurumuz da eyni, dərdimiz də eyni.
Məqsədimiz də eyni, hədəflərimiz də eyni. Amalımız da eyni, yolumuz da eyni.Hər kəsin-sevənlərin də, sevməyənlərin də qibtə etdiyi və qibtə edəcəyi dostluq və qardaşlıq. Analoqu, bənzəri, təkrarı olmayan və olmayacaq bir həmrəylik, bir monolitlik, bir sarsılmazlıq.Bu günə kimi belə olub, bu gün də belədir, bundan sonra da belə olacaq!
Bəli, çox təəssüf və əfsuslar olsun ki, yenə çox narahat, yenə sabahı çox müəmmalı olan, mübhəm görünən bir dünyada yaşayırıq.Yenə dünyamız qan ağlayır, dünyamız yenə qana çalxalanır, çalxalandırılır. Yenə göz yaşları tökülür, yenə günahsız canlar gedir. Hamı gərgin, hamı həyəcanlı, hamı narahat.
Bütün bunlar isə bizlərdən daha da sıx, daha da həmrəy, daha da ayıq-sayıq olmamızı zəruri və diktə edir.Elə bu səbəbdən və reallıqdandır ki, dünən, cəmi saatlar öncə iki qardaş və dost olkənin liderləri-Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Türkiyənin Cümhurbaşqanı sayın Rəcəb Tayyib Ərdoğan Türkiyədə, Çankaya Köşkündə bir araya gəldilər.
Verilən, yayılan məlumatlara görə, görüşdə dünya siyasətində önəmli yerləri, çəkiləri olan iki liderin görüşündə çox önəmli məsələlər ələ alınıb, müzakirə edilib. Belə ki, görüşdə öncə Şuşa Bəyannaməsinin imzalanması və bu sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyi vurğulanıb. Postmünaqişə dövründə Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Zəngəzur dəhlizinin açılmasının, onun region üçün yaratdığı perspektivlərin, bu xüsusda Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsinin əhəmiyyəti qeyd olunub.
Bununla yanaşı, söhbət zamanı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda təsbit olunmuş bütün müddəaların Ermənistan tərəfindən icrasının vacibliyi qeyd edilib, Türkiyə və Ermənistan nümayəndə heyətlərinin təmasları mövzusunda müzakirə aparılıb.
Eyni zamanda, görüşdə Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığa toxunulub, bu xüsusda Cənub Qaz Dəhlizinin uğurla fəaliyyət göstərdiyi qeyd olunub, bu dəhliz vasitəsilə qardaş ölkəyə və Türkiyə ərazisindən keçərək Avropaya qaz təchizatının artırılması imkanları müzakirə edilib, həmçinin Iğdır-Naxçıvan qaz xəttinin çəkilməsi və bununla bağlı Azərbaycanın dövlət büdcəsində investisiyanın nəzərdə tutulduğu vurğulanıb.
Söhbət əsnasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb, o cümlədən hərbi, hərbi texniki, o cümlədən hərbi təlim və tədris sahələrində əməkdaşlığın uğurla davam etdirildiyi bildirilib, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə mövzusu olub.
Görüşdə son günlərin ən ağrılı hadisəsi-Ukraynadakı hadisələrlə bağlı fikir mübadiləsi aparılıb, Türkiyənin və Azərbaycanın, eyni zamanda, Rəcəb Tayyib Ərdoğanın müharibənin tezliklə dayandırılması istiqamətindəki şəxsi səyləri yüksək qiymətləndirilib.
Sonda isə Azərbaycan-Türkiyə müttəfiqlik əlaqələrinin inkişafından bir daha məmnunluq ifadə olunub və Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət edib.
Bəli, bürün bunlar dünən iki lider tərəfindən yazılan daha bir Tarix, daha bir Qardaşlıq və Dostluq nümunəsidir.
Hər iki lider bir daha göstərdilər, bir daha nümayiş etdirdilər ki, Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan qardaşlığı əbədidir, daimidir və dönməzdir.
Bir daha göstərildi, bir daha nümayiş etdirildi, bir daha təsdiq olundu ki, hər iki dövlət tək ürək, tək yumruq kimi bundan sonra da bir çox Qələbə və Zəfərlərə doğru birgə yürüyəcək, birgə imza atacaqlar.
Yaşasın, Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan qardaşlığı, dostluğu, həmrəyliyi, sarsılmazlığı!
Jalə ƏLİYEVA
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor